yeniakit.com.tr
Türk ordusunun Suriyanın şimal-şərq bölgəsinə hərbi əməliyyatdan vaz keçməsinin möcüzə olacağını yazmışdıq (3 oktyabr:"Ordular,hədəfiniz Suriyanın şimal-şərqidir(mi)?") Oktyabrın 9-da rəsmən başlayan əməliyyatın təxmini parametrləri də bəliidir: sərhədin 30 km dərinliyinə qədər gedilərək PYD/YPG terror təşkilatının bölgədə qurduğu muxtar hakimiyyətə son qoyulacaq.
Daha sonra beynəlxalq təşkilatların və başda Avropa Birliyi olmaqla Qərb ölkələrinin maddi dəstəyini alan Türkiyə orada 2 milyon Suriyalı ərəb mənşəli qaçqına evlər tikib şəhərciklər salacaq və qaçqınların təxminən yarısı oraya yerləşdiriləcək.
Əməliyyat ərəfəsində Türkiyənin NATO-dakı ən qədim müttəfiqi ABŞ-dan müxtəlif səviyyələrdə müxtəlif məzmunlu açıqlamaların gəlməsi vəziyyəti xaotik hala gətirdiyi kimi, digər tərəfdən,mənzərənin aydınlanmasına da səbəb oldu.
Keçən ilin dekabrında olduğu kimi,bir neçə gün əvvəl də Suriyanı tərk edəcəklərini deyən Donald Trumpın bu sözləri "Qərbin kürdləri növbəti dəfə satması" kimi xarakterizə edilsə də prezident ondan sonrakı açıqlamaları isə Türkiyədə hamını narahat etdi: bəli,səhv anlamadınız,Tayyip Erdoğana "yaxın dostum" deyən ABŞ prezidenti "Türkiyə iqtisadiyyatını məhv etməklə" təhdid edirdi.
Konqresdən və Senatdan "sanksiya" təhdidləri, Pentagondan gələn xəbərdarlıq üstünə xəbərdarlıqlar vəziyyəti aydınlığa qovuşdurarkən məlum ki,Suriyadan çəkilməyi qərarlaşdıran (Trump ikinci dəfə bəyan etdi) Birləşmiş Ştatların Ankara qarşısındakı əsas şərtləri;
- Suriyada müttəfiqi kimi gördüyü və saysız müasir konvensional silahla təchiz etdiyi PYD/YPG-yə Türkiyə tərəfindən toxunulmaması;
- Suriya həbsxanalarında saxlanılan təxminən 2000 min nəfərdən ibarət İŞİD terrorçusunun zindanda saxlanma vəzifəsinin də Türkiyəyə verilməsi
imiş.
Bu şərtin ikisinin də Türkiyə üçün çox ağır olduğunu,İŞİD probleminin ən az PYD/YPG qədər Türkiyənin təhlükəsizliyinə təhdid törəcəyini prosesləri soyuqqanlılıqla izləyən hər kəs görür.
Bəli,Suriyanın şimal-şərqindəki vəziyyət şimal-qərbdəki vəziyyətdən çox-çox qəliz və mürəkkəbdir.Çünki Türkiyə o bölgədə keçirdiyi iki hərbi əməliyyatda da Rusiyadan icazə almış və ikisini də uğurla başa vurmuşdu.
Suriyanın şimal-şərqindəki vəziyyəti qəlizləşdirən faktorlar təkcə ABŞ tərəfindən Türkiyəyə diqtə edilməyə çalışılan şərtlər və sanksiya təhdidləri deyil.
Məsələ ondadır ki,şimal-qərbdəki hərbi əməliyyatlar üçün S-400-ləri deaktiv edən Moskva şimal-şərqdəki əməliyyatlara reaksya olaraq "Suriyanın ərazi bütövlüyü"nə işarə edir.
Bu,Kremlin əlindəki ən güclü və yeri gələndə Türkiyəyə təzyiq göstərə biləcəyi ən güclü kartdır. Tayyip Erdoğanla telefon danışığında Vladimir Putin "əməliyyatın haqlı olduğundan" danışır (ən azında Türkiyə prezident sarayından verilən açıqlama bunu göstərir), o biri tərəfdən, isə xarici işlər naziri Sergey Lavrov dönüb-dolaşıb yenə "ərazi bütövlüyü" şərtini vurğulayır.
Eyni oyunu eyni şəkildə İran oynayır: dövlət başçısı Ruhani "Terrora qarşı hərbi əməliyyatın haqlılığı"ndan danışır,xarici işlər naziri Javad Zarif isə "Suriyanın torpaq bütövlüyünə" güzəştsiz şəkildə işarə edir.
Bəs Suriya ərazisindəki üçüncü hərbi əməliyyatına başlayan Türkoyə hansı taktika ilə hərəkət edir?
İlk iki əməliyyatın hərbi-siyasi-diplomatik taktikasıyla.Yəni, dünya dövlətlərini inandırmağa çalışır ki,Suriyanın şimal-şərq bölgələrindəki PYD/YPG terrorçu qrupları oradan uzaqlaşdırmaq bölgənin və hətta dünyanın xeyrinədir və mən bu əməliyyatla da bölgə və dünya sülhünə xidmət edirəm.
Əməliyyatın başlamasını öz tvitter hesabından xəbər verən prezident Erdoğanın bu dəfəki komandası da eyni şəxslərdən ibarətdir: milli müdafiə naziri,ordu generalı Hulusi Akar,xarici işlər naziri Mevlüt Çavuşoğlu,prezidentin sözçüsü İbrahim Kalın.Yəni həm ABŞ-ı həm NATO-nu həm də Avropanı yaxından tanıyan heyət.
Suriya torpaqlarındakı üçüncü hərbi əməliyyat bir daha göstərdi ki,Türkiyənin indiki hakimiyyətinin rəsmi Dəməşq ilə əməkdaşlıq zəmini axtarmağa niyyəti yoxdur və yaxın gələcəkdə də olmayacaq.
Demək ki,uzun möhlətdə Ankara özünün Suriya siyasətinin təməllərini çox yaxşı götür-qoy edərək hazırlayıb.Çünki oktyabrın 9-da rəsmi şəkildə başlayan "Sülh bulağı" hərbi əməliyyatı Türkiyə tarixinin 1974-dəki Kipr əməliyyatından da mühüm bir aksiyası xarakterini daşıyır.
Bölgədəki son vəziyyəti müzakirə etmək üçün Trump və Erdoğanın noyabrın 13-də Washingtonda görüşəcəyi açıqlanıb."Sülh bulağı"əməliyyatının gedişi o görüşün aqibətinə necə təsir göstərəcək?
Ləğv edilməsinə də səbəb olarmı?
Rəy yaz