FEC Commissioner Ellen L. Weintraub

FEC Commissioner Ellen L. Weintraub

Vaşinqton/16.03.20/Turan: ABŞ Federal Seçki Komissiyası (FSK), bütün dünyada mərkəzi seçki komissiyalarının əksəriyyətindən fərqli olaraq, seçki keçirmir. Amerikada seçkilər dövlət səviyyəsində və yerli səviyyədə keçirilir. FSK siyasətdə pulu tənzimləyir. Müəyyən seçkilərdə iştirak, o cümlədən namizədlərin vəsaitləri xərcləməsi qaydaları mövcuddur. FSK bu qaydaların həyata keçirilməsinə və onlara riayət olunmasının təmin olunmasına görə cavabdehdir. Bu barədə şənbə günü ABŞ Dövlət Departamentinin mətbuat klubunda keçirilən mətbuat konfransında FSK sədri Ellen Vayntraub bildirib.

Əsas qayda yığılmış pulun mənbəyinin açıqlanmasından ibarətdir. Bu, əsasən xüsusi mənbələrə aiddir, deyə ölkədə seçkilər üzrə yüksək vəzifəli məmur bildirib.

Amerikada seçki kampaniyaları bahadır: ümummilli kampaniyaya bütün ölkə üzrə səfərlər, reklam, mitinqlər keçirilməsi və s. daxildir. 2016-cı ildə prezident seçkiləri, Nümayəndələr Palatasına və Senatın üçdə birinə seçkilər 6,5 milyard dollara başa gəlib.

Vayntraubun sözlərinə görə, bu il seçkilər, çox güman ki, daha baha başa gələcək.

"Prezident vəzifəsi uğrunda rəqabətə başlamış namizədlər artıq milyard dollardan çox vəsait xərcləyiblər", deyə o qeyd edib.

Amerikalıların əksəriyyəti seçkilərin nəticəsinə xaricdən maliyyə təsiri göstərilməsi cəhdlərinin artmasından narahatdır. Qanunla qadağan olunsa da və narahatlıq doğursa da, bu cür cəhdlər olur.

Mətbuat konfransı başa çatdıqdan sonra Vayntraub Turan-ın Vaşinqton müxbirinə eksklüziv müsahibə verib.

TURAN: Amerikada seçkilərə xarici təsir nə dərəcədə yayılıb? Bu, nə vaxtsa fırıldaqçılıq səviyyəsinə çatıb? Bunun qarşısını necə almaq olar?

VAYNTRAUB: Xarici vətəndaşların bizim siyasətə pul xərcləməsinə icazə verilməməsi haqqında qanun var; onlara hansısa namizədə dəstək üçün və federal səviyyədə və ya ştatlar səviyyəsində partiya komitələrinə pul ödəməyə icazə verilmir.

Mer və ya şərif vəzifəsinə, eləcə də prezident vəzifəsinə namizədlərə xarici ianələr də qanunsuzdur. Bu yaxınlarda baş verən ən böyük hadisə Çin firmasının törəmə şirkətinin 2016-cı ildə Ceb Buşu (Florida qubernatoru) dəstəkləyən siyasi komitələrdən birinə 1,3 mln. dollar ianə verməsi olub. Komissiya yoxlama aparıb və buna görə 900 000 dollar cərimə kəsib. Bu, son vaxtlar ABŞ seçkilərində xarici kapitalla bağlı ən böyük hadisədir.

TURAN: Xarici maliyyələşdirmə və xarici lobbiçilik arasındakı hədd necə müəyyən olunur?

VAYNTRAUB: Bu və ya digər hökumətin xeyrinə lobbiçilik edən hamı üçün xarici agentlərin qeydiyyatı haqqında qanun mövcuddur. Bu təşkilatlar kiminsə seçilməsinə və ya vəzifə tutanlara vəsait xərcləməyə çalışmırlar. Xarici hökumətlərin xeyrinə lobbiçilik edən şəxslərin qeydiyyatı qaydaları var və bunu Ədliyyə Nazirliyi və müəyyən dərəcədə Konqres özü idarə edir.

Bizim yurisdikdiyamızın gücü ondadır ki, biz insanların formaları lazımi qaydada doldurmasına və onlarda yalançı şahidliyə görə cərimələnmək qorxusu altında doğru məlumat verməməsinə nail oluruq.

Hər bir siyasi komitə üçün, hər bir namizədin komitəsi üçün xəzinədar təyin edilir. Onlar sənədləri yalançı şahidliyə görə cəzalandırılma qorxusu altında imzalayırlar və hökumətə, o cümlədən FEC hesabatlarında yalan bəyanatlar versələr həbs edilirlər. Beləliklə, biz kampaniyanın maliyyələşdirilməsi haqqında məlumatın doğruluğunu təmin edən qanunları tətbiq edirik.

Biz hər bir namizədin və ya siyasi xadimin dediyi hər şeyi yoxlamaq iqtidarında deyilik. Amma qanunvericiliklə bizə bütün bunlar üçün icazə versələr belə, düşünürəm ki, Ali Məhkəmə bunun əsas qanuna zidd olduğunu bildirər.

TURAN: 2016-cı ilə qədər seçki proseslərində sosial şəbəkələrin rolundan xəbəriniz var idi? İndi biz onun real gücündən xəbərdarıq, ABŞ buna qarşı mübarizəyə nə dərəcədə hazırdır?

VAYNTRAUB: Sosial media daha böyük rol oynamağa başlayıb və düşünürəm ki, platformalar məsuliyyətli məlumat tədarükçüsü olmağa görə məsuliyyət daşıyırlar.

Zənnimcə, kimsə qanuna bizim sosial şirkətlərə onların platformalarında nə ola biləcəyi və nəyin olmayacağını deyəcəyimizi yazmağa çalışsa, Konstitusiyaya Birinci Düzəlişlə bağlı problemlər olacaq.

Həqiqətən hesab edirəm ki, qanunlarımızın bəzilərini yeniləməliyik və nəzərə almalıyıq ki, bizim qanunların bəziləri yayım daşıyıcısında və ya qəzetlərdə gedən reklamlara aiddir və rəqəmsal  reklama eyni dərəcədə şamil olunmur. Və biz rəqəmsal reklamın xeyli artdığını görürük. Buna görə düşünürəm ki, bu, bəzi qanunvericilərimizin üzərində işləməli olduğu sahədir və ümid edirəm ki, onlar uğur əldə edəcəklər. -В25-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti