* * *
Sual: Fərid bəy, Rusiyaya tətbiq olunmuş sanksiyalar bu ölkəyə iqtisadi cəhətdən nə qədər zərər vurur? Bu sanksiyalar Rusiya iqtisadiyyatını çökdürmək üçün yetərlidirmi?
Cavab: Fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə hücumundan sonra dünyada aparıcı iqtisadiyyata malik ölkələrinin böyük əksəriyyəti Rusiyaya qarşı sanksiyalara qoşulub. Hazırda Rusiya dünyada ən çox sanksiya tətbiq edilən ölkədir. Bu baxımdan Rusiya İran, Suriya, Şimali Koreya kimi ölkələri belə qabaqladı. Sanksiyaların səbəb olacağı itkilərin həcmi hələ daha uzun zaman müddətində üzə çıxacaq. Ancaq, indidən bəzi rəqəmləri səsləndirmək olar. Məsələn, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan biri ölkənin Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı idi. Ən son açıqlanan rəqəmlərə görə, Rusiya Mərkəzi Bankının aktivləri 630 milyard dolları ötmüşdü. Rusiya Mərkəzi Bankının aktivlərin yerləşdirilməsinin coğrafi strukturu ilə bağlı son açıqlamasından aydın olur ki, ölkənin valyuta ehtiyatlarının 21.7 faizi qızılda, 25 faizə yaxını Fransa, Almaniya və Avstriya kimi Avropa Birliyi ölkələrində, 13.8 faizi Çində, 10 faizi Yaponiyada, 10 faizə yaxını isə ABŞ və Kanadada saxlınılıb. Yəni, ölkənin vəsaitlərinin təxminən yarısı Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdədir. Söhbət təxminən 300 milyard dollardan gedir. Müqayisə üçün qeyd edim ki, bu, Azərbaycanın həm Mərkəzi Bankının, həm də Dövlət Neft Fondunun ehtiyatlarının cəmindən təxminən 6 dəfə çox vəsait deməkdir.
Rusiyaya qarşı sanksiyalar özəl sektoru da, əhatə etdiyindən, böyük rus şirkətləri də, iri həcmli itkilər yaşamaqdadır. Təkcə bu il ərzində rus şirkətlərinin səhmlərinin ucuzlaşması həmin şirkətlərin sahiblərinin təxminən 100 milyard dollara yaxın vəsait itirməsinə səbəb olub.
İdxalın bahalaşması özəl sektorun da gəlirlərinin azalmasına təsir edəcək. Çünki, Rusiya iqtisadiyyatının əsas istiqaməltərində idxaldan ciddi asılılıq var. Müxtəlif sektorlarda bu asılılıq 30-70 faiz arasında dəyişir. Xüsusilə yüksək texnologiyalar baxımından Rusiya asılılığı böyükdür və təbii ki, məhsulların idxalının çətinləşməsi, digər sahələrdə Rusiya iqtisadiyyatının rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq ki, bu da ölkənin gəlirlərini azaldacaq. Rusiyanın rəqabət qabiliyyətini aşağı salan digər bir amil kimi, ölkənin aparıcı banklarının SWIFT-dən çıxarılmasını qeyd edə bilərik. Çünki rus şirkətləri və bankları ilə hesablaşmalar çətinləşək. Bütün bu çətinliklər Rusiya məhsullarına olan marağı azaldacaq.
Rusiya iqtisadiyyatına tətbiq edilən məhdudiyyətlər ölkəyə ən azı yaxın gələcəkdə investisiyaların gəlməsinin də qarşısını alacaq. Çünki, hazırki vəziyyətdə sanksiyalara və maliyyə sektorunun vəziyyətinə görə heç kim Rusiyada yeni biznesə başlamaq arzusunda ola bilməz. Xarici investorlarla yanaşı, yerli əhalinin də həm ölkə iqtisadiyyatına, həm də maliyyə sektoruna güvəni azalıb. Təkcə fevralın 24-də, yəni, müharibə başladığı gün müştərilər Rusiya banklarından 111 milyard rubl pul çıxardıblar. Bu, həmin günün məzənnəsi ilə 2 milyard manatdan çox vəsait deməkdir.
Digər tərəfdən, Rusiyanın maliyyə itkiləri ilə yanaşı, insan kapitalı itkiləri də, bu prosesə ciddi təsir edəcək. Çünki artıq indidən ölkəni tərk edən xarici şirkətlərlə yanaşı, rusiyalı biznesmenlərin də öz bizneslərini digər ölkələrə köçürmə istədiyi görünür. Biznesmenlərlə yanaşı, ölkədə fəaliyyət göstərən bir çox mütəxəssislər də Rusiyanı tərk edir. Bu baxımdan, Rusiya digər ölkələrin suverenliyinə təhlükə yaradan xarici siyasətin əl çəkməsə, Rusiyadakı iqtisadi böhranın daha da dərinləşəcəyini ehtimal etmək olar. Artıq indidən bəzi beyin mərkəzlərinin hesablamalarına görə, bu il Rusiya iqtisadiyyatında iki rəqəmli azalma gözlənilir.
Sual: Biz eyni zamanda sanksiyalarla bərabər dünya bazarında neftin, qazın, aliminiumun qiymətinin bahalaşdığının şahidi oluruq. Və bu məhsulların da əsas istehsalçılarından biri Rusiyadır. Yəni, demək olarmı ki, Rusiya həm də bir tərəfdən qazanır?
Cavab: Qeyd etdiyiniz kimi, 2014-cü ildən bəri ilk dəfədir dünya bazarlarında enerji daşıyıcılarının qiyməti bu qədər bahalaşır. Amma nəzərə almaq lazımdır ki, Rusiya heç də bütün məhsulların bahalaşmasından faydalana bilmir. Bugünlərdə Rusiya nefti birjalarda orta bazar qiymətindən daha güzəştli qiymətlərlə satılsa da, alıcı tapmaqda çətinlik çəkir. Çünki müharibə ilə bağlı həmin məhsulların daşınmasında və eləcə də, qoyulan sanksiyalarla bağlı, ödənişlərin həyata keçirilməsində ciddi risklər və çətinliklər var. Digər tərəfdən, məncə, qısa zaman müddətində bəlkə də, bu qiymət artımları resurs ölkələrinin, o cümlədən Rusiyanın gəlirlərinin nisbətən artımına şərait yarada bilər. Amma, digər tərəfdən, nəzərə almaq lazımdır ki, Rusiya ilə bağlı yaranmış problem, Rusiya təbii qazından ciddi asılılığı olan Avropa ölkələrinin bu situasiyanı dəyişdirmək üçün daha kəsərli siyasət həyata keçirməsinə səbəb oldu. Artıq indidən, bir çox Avropa ölkələri Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün addımlar atmağa başlayıb.
Bugünlərdə Beynəlxalq Enerji Agentliyi də, Avropa Birliyinin Rusiyadan enerji asılılığını azaltmaq üçün 10 maddəlik planını açıqlayıb. Həmin planlarda alternativ qaz mənbələri ilə Rusiya qazının əvəzlənməsi ilə yanaşı, külək və günəş enerjisi ilə bağlı layihələrin sürətləndirilməsi, eləcə də, nüvə enerji reaktorlarının bağlanmasının təxirə salınması, biokütlə ilə işləyən yeni enerji stansiyalarının tikilməsi kimi bəndlər də var. Bu baxımdan, Qərb ölkələrində “enerji keçidi”nin sürətlənməsini, alternativ enerji mənbələrinin enerji təminatında payının gözləniləndən daha qısa zaman kəsiyində artacağını ehtimal etmək olar. Bu da, təbii ki, daha yaxın gələcəkdə resurs ölkələrinin daha az gəlir əldə etməsinə səbəb olacaq ki, bu ölkələrdən biri də Rusiya olacaq. Qeyd etdiyiniz digər məhsulların, xüsusilə Rusiyanın bazarda böyük paya sahib olduğu qiymətli metalların və eləcə də, taxılın da qiymətlərində bahalaşma müşahidə olunur. Ancaq, bu bahalaşmalar da daha çox müharibənin ortaya çıxardığı psixoloji amillərlə bağlıdır və vəziyyət normala döndükdə qiymətlərin nisbətən aşağı düşəcəyini gözləmək olar.
Sual: Sizcə, Rusiyaya qarşı daha hansı sərt sanksiyalar qoyulmalıdır ki, Rusiyanı müharibəni dayandırmağa məcbur etsin?
Cavab: İlk günlərdə Qərb ölkələri Rusiyaya qarşı münasibətdə nisbətən yumşaq təəssurat bağışlasa da, müharibənin başlamasından bir neçə gün sonra daha kəsərli addımların atıldığını müşahidə etdik. Rusiyanın Ukrayna ərazisinə hücumunun tezliklə başa çatmayacağı təqdirdə, bu sərt addımların artan xətlə davam edəcəyini düşünmək olar. Ancaq, indiki sanksiyaları da Rusiya iqtisadiyyatı üçün ağır və “analoqsuz” adlandırmaq olar. Düşünürəm ki, Avropa ölkələrinin Rusiyadan təbii qaz asılılığından qurtarmasının sürətləndirməsi də Rusiyanın ən vacib “silah”larından birini zərərsizləşdirə bilər. Digər tərəfdən, Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrdəki şirkətlərə Rusiyaya ilə iqtisadi əlaqələr quracaqları təqdirdə Qərb ölkələrində məhdudiyyətlərin tətbiq edilməsi kimi addımlar da, sanksiyalara qoşulmayan ölkələrdəki böyük şirkətlərin də Rusiya ilə ticarət əlaqələrini məhdudlaşdıra bilər ki, bu da, Rusiya məhsullarının ümumiyyətlə alıcısız qalmasına və ya alıcı tərəfin təklif etdiyi istənilən qiymətin Rusiya tərəfdən məcbur qəbul edilməsinə gətirib çıxara bilər.
Sual: Rusiya hakimiyyəti ölkəsindəki Qərb kapitalını dondursa, onda nə baş verə bilər?
Cavab: Bugünlərdə Beynəlxalq Hesablaşmalar Bankının açıqlamasında qeyd edilirdi ki, rus müştərilərin xarici banklarda saxladığı vəsaitlərin həcmi təxminən 128 milyard dollara bərabərdir.Xarici bankların rus müştərilərinə verdiyi kreditlərin həcmi isə, 121 milyard dollara yaxındır. Yəni, hər iki rəqəm təxminən bir-birinə yaxındır. Lakin, nəzərə almaq lazımdır ki, Rusiyanın ümumi daxili məhsulunun həcmi təxminən 1 trilyon 700 milyard dollar həcmindədirsə, Avropa Birliyi ölkələri üçün bu göstərici 15 trilyon dollar, dünyanın ən böyük iqtisadiyyatı ABŞ üçün isə 20 trilyon dollardan çoxdur. Bu səbəbdən, əgər Rusiya belə bir addım atsa belə, həmin vəsaitlər Qərb ölkələrinin iqtisadiyyatı üçün, Rusiyadakı qədər ciddi problem yaradacaq səviyyədə deyil.
Sual: Rus rublu çox sürətlə dəyərdən düşür. Sanksiyalar nəticəsində çox güman Rusiyada bahalaşma və inflyasiya da yüksək olacaq. Bu Rusiya vətədaşlarının sosial vəziyyətinə necə təsir edəcək? Rusiya bunu qarşılamağa hazırdırmı?
Cavab: Nəzərə almaq lazımdır ki, iqtisadi sanksiyaların ortaya çıxardığı nəticələr istisnasız bütün Rusiya vətəndaşlarına təsir edir. Çünki, bu sanksiyalar nəticəsində Rusiyanın milli valyutası rubl da ciddi devalivasiyaya məruz qalıb. Azərbaycan Mərkəzi Bankının göstəricilərindən aydın olur ki, müharibə başlayandan bəri rubl manata qarşı rəsmi məzənnəyə görə 40 faizədək ucuzlaşıb. Nəzərə almaq lazımdır ki, hələ Rusiyada birjalar normal fəaliyyət göstərmir. Bu səbəbdən, müxtəlif əməliyyat platformalarında rublun daha çox ucuzlaşmasına rast gəlmək olur. Milli valyutanın ucuzlaşması isə, əlbəttə alıcılıq qabliliyyətinin aşağı düşməsi deməkdir. Son iki il ərzində dünya bazarlarında təchizat zənciri və digər məsələlərlə bağlı ortaya çıxan problemlər onsuz da, inflyasiyanı yüksəltmişdi. Milli valyutanın ucuzlaşması təbii ki, Rusiyada qiymətlərin daha yüksəlməsinə yol açacaq ki, bu da birbaşa əhalinin rifahının aşağı düşməsinə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, Rusiya qida məhsullarının təxminən üçdə birini idxal hesabına ödəyir.
Qeyd etdiyimiz kimi, Rusiyaya tətbiq edilən sanksiyalar, demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir. Ən azı ona görə ki, bu sanksiyalar Rusiya şirkətlər və maliyyə qurumları ilə olan maliyyə əməliyyatlarını da ciddi şəkildə məhdudlaşdırır. Bu səbəbdən, nə satmasından asılı olmayaraq bütün sektorlardakı şirkətlər bu məhdudiyyətlərdən təsirlənəcək. Sanksiyalar ölkənin təkcə məhsul satışını deyil, xidmətlərdən əldə etdiyi gəlirləri də azaldacaq. Burada xüsusilə turizm gəlirlərini qeyd edə bilərik. Eyni zamanda, Rusiyanın beynəlxalq maliyyə təşkilatlarından kredit əldə etmək və ya ölkəyə investisiya cəlb etmək imkanları da məhdudlaşır. Ona görə də, məsələn, enerji resurları ciddi dəyər itirdikdə resurs ölkələri alternativ sektorlar hesabına əlavə gəlir cəlb etməklə vəziyyətdən çıxmağa çalışırlarsa, indiki halda Rusiyanın belə bir imkanı olmayacaq. Ölkənin əlində qalan ehtiyatlar isə, sonsuz deyil. Bu səbəbdən, Rusiyanın xarici siyasətində ciddi dəyişiklik baş verməsə və sanksiyalar tətbiq edilməyə davam etsə, Rusiyanın sanksiyaların təsirinə məruz qalan əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün imkanları çox olmayacaq.
Sual: Rusiyada çalışan 2 milyondan çox azərbaycanlı var ki, Azərbaycandakı ailələrini məhz rus bazarlarından qazandıqları pullarla dolandırırlar. Rus rublunun dəyər itirməsi, eləcə də Rusiyada insanların sosial vəziyyətinin aşağı düşməsi təbii ki, həmin insanlardan və onların ailələrindən də yan keçməyəcək. Bir sözlə, Rusiyaya qoyulmuş sanksiyalar və həmin ölkənin iqtisadiyyatının zəifləməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Cavab: Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlər də göstərir ki, Azərbaycana pul köçürməsi sistemləri vasitəsi ilə ən çox Rusiyadan pul göndərilir. Ötən ilin ilk 9 ayının nəticələrinə əsasən, Azərbaycana göndərilən pul baratlarının həcmi 772 milyon dollara bərabər olub. Həmin vəsaitin 409 milyon dolları, yəni ümumi vəsaitin 53 faizi sadəcə Rusiyadan gəlib. Bu isə, təbii ki, ölkədə on minlərlə ailənin gəlirinin məhz Rusiyadan olduğunu göstərir. Ona görə də, təbii ki, rus rublunun dəyər itirməsi və Rusiya iqtisadiyyatının zəifləməsi dolayısıyla Azərbaycanda yaşayan və ailələrinə pul göndərən şəxslərin də gəlirini azaldacaq ki, bu da, həmin ailələrin sosial rifahını aşağı salacaq. Bu baxımdan, xüsusilə regionlarda yaşayan ailələr çətinliklə üzləşə bilər. Onu da qeyd edim ki, həmin zaman kəsiyindən Ukraynadan da Azərbaycana 21 milyon dollara yaxın vəsait gəlib. Bu göstərici ilə Ukrayna da Azərbaycana ən çox pul göndərilən ilk altı ölkədən biridir.
Rusiya iqtisadiyyatındakı vəziyyət Rusiyada yaşayan şəxslərlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən bəzi şəxslərin də gəlirlərinin azalmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcısıdır. Bu baxımdan, xüsusilə tərəvəz məhsullarını fərqləndirə bilərik. Rusiyada əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, rifahının azalması təbii ki, həmin şəxslərin xərclərinin də azalmasına səbəb olacaq. Bu baxımdan, məhsullarını Rusiya bazarına çıxaran sahibkarların da, gəlirlərində azalma yaşana bilər.
Rusiya eyni zamanda Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkədir. Ötən il Azərbaycanın ümumi idxalı 11 milyard 705 milyon dollara bərabər olub. Bunun 2 milyard 74 milyon dolları, yəni, bütün idxalımızın 18 faizə yaxını sadəcə Rusiyadandır. Bu baxımdan, rus rublunun dəyərinin azalması səbəbi ilə, ölkəyə gətirilən müəyyən məhsulların qiymətinin aşağı düşmə ehtimalı da, mövcuddur.
Kamran Mahmudov
Rəy yaz