Seçkqabağı vəziyyət ənənəvi olaraq qeyri-demokratik qalır

***

-Akif bəy, parlament seçkilərinin təbliğat və təşviqat mərhələsindəyik. Seçkiqabağı vəziyyəti necə qiymətləndirirsinız?

- Seçkiqabağı vəziyyət əslində bir çox parametrlər baxımından əvvəlki vəziyyətdən heç də fərqlənmir. Seçkiöncəsi vəziyyəti qiymətləndirərkən ilk növbədə dövlət tərəfindən siyasi hüquqların və azadlıqların seçkidə iştirak edən və etməyən tərəflərə münasibətdə təmin olunub-olunmamasına baxmaq lazımdır. Media mühiti azadlığının ifadə azadlığının tələbləri çərçivəsində qurulmasının həm hüquqi, həm də fəaliyyət mühiti baxımından uyğunluğu qiymətləndirilməlidir. İnsanların hüquq və azadlıqlarının məhkəmə təminatında nə dərəcədə həyata keçirilməsi  qiymətləndirilməlidir. Şikayətlərin obyektiv araşdırılması üçün dövlət təminatlarının həyata keçirilməsinə baxmalıyıq. Seçkilərdə iştirak edəcək tərəflərə iştirak imkanı bərabər səviyyədə təmin edilməlidir. Seçkiləri müşahidə edəcək, ümumiyyətlə, ictimai nəzarəti təşkil edəcək vətəndaş cəmiyyəti qurumlarına yönəlik münasibətdə həm hüquqi, həm də fəaliyyət mühiti çərçivəsində əlverişli olub-olmaması qiymətləndirilməlidir. Bütün bu parametrlər üzrə baxdıqda Azərbaycanda təəssüflər olsun ki, seçkiöncəsi vəziyyətin əvvəlki illərdən heç də fərqləndiyini görmək olmur. Əksinə, bu uzun illər oturuşmuş məhdudiyyətlər onların fəaliyyətinin iflic halının gözlə görülə bilən vəziyyətdə ola bilməsini bir daha əyani sübut edir. Bu şərtlərin olmamasına görə bir çox siyasi tərəflər seçkidə iştirakdan imtina etdilər. Eyni zamanda seçkidə iştirak qərarı verən tərəflərin də heç də tam yüksək səviyyəli resurslar vasitəsi ilə bu işləri həyata keçirmək imkanları yoxdur. Start vəziyyətinə bərabər başlamayıblar. Həm maliyyə resursları baxımından, həm də təşkilati, insan resursları nöqteyi-nəzərindən heç də eyni vəziyyətdə başlamayıblar. Belə bir vəziyyətlər təbii ki, tərəflər arasındakı bərabərlik imkanlarının kifayət qədər məhdud olduğunu dərinləşdirir. Yəni, böyük bir uçurum var. Ona görə də seçkidə iştirak edən tərəflər üçün bu, çox çətin bir vəziyyət yaradır. Bu çətin vəziyyətin yaranması beynəlxalq öhdəliklər nöqteyi- nəzərindən heç də dövlətin götürdüyü standartlara uyğun gəlmir.

-Bu dəfəki parlament seçkilərinin bundan əvvəlki seçkilərlə hansı fərqli və oxşar tərəfləri var?

-Oxşar cəhətləri onda görürük ki, qeyd etdiyim parametrlər üzrə mühit, Azərbaycanın götürdüyü insan hüquqları və azadlıqlarının qorunması  və tərəflərin fəaliyyət göstərməsi üçün sərbəst fəaliyyət mühiti  əvvəlki qaydadır. Yəni, məhdud vəziyyətdə davam edir. Eyni zamanda namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsində aydın gördük ki, iştirak edən tərəflərə ciddi problemlər yaradılır. İstər namizədliyin irəli sürülməsində yubadılma məsələləri, istərsə də qanunun tələb etdiyindən artıq tələblərin ortaya qoyulması, eyni zamanda bərabər olmayan münasibət göstərilməsi kimi problemlərlə rastlaşmışıq. Hakimiyyətin dəstəklədiyi namizədə seçki komissiyaları daha operativ və daha rahat şərait yaradırlar, amma alternativ namizədlərə qanunun ən son müddəti tətbiq olunur. Həm də həmin namizədlərin prosesi süni surətdə yubadılır, müxtəlif əngəllər yaradılır və hətta bəzən seçkidə namizəd kimi iştirak etməkdən bu və ya digər formada kənarda saxlanmasına cəhdlər olur. Namizədlərə edilən təkliflərin, bəzilərinə edilən təzyiqlərin nəticəsində onların seçki prosesindən çəkilmə faktları ilə bağlı müşahidəçilərin topladığı məlumatları hesabatda göstərmişik. 2015 və 2010-cu ildəki vəziyyətlə müqayisədə indiki seçkidə namizədlərin qeydiyyata alınmasında imtinanın total xarakterli olduğunu deyə bilmərik. Daha yeni bir üslub, səssiz üslub seçilib və bu vasitə ilə müəyyən təsirlər göstərilir. Bu baxımdan fərqlər ortaya çıxır. Müsbət baxımından o fərqlər var ki, bu da yaradılan şərait yox, daha çox cəmiyyətdə yeni nəsil yetişməsi, siyasətə və seçki prosesinə yeni simaların qoşulmasıdır ki, bu da mühitin fəaliyyəti üçün çərçivələrin, məhdudiyyətlərin olmasına baxmayaraq, prosesdə aktivliyə təsir edən amildir. Həmçinin sosial şəbəkələrin, onlayn resursların təsir dairəsinin genişlənməsi hakimiyyətin əsas teleməkanı məhdudlaşdırmasına rəğmən cəmiyyətdə ictimai aktivliyə təsir imkanını artırıb. Hakim idarəetmə sistemi də çalışır bu vasitələrdən də istifadə edərək müxtəlif çaşqınlıq yaratsın. Bəzən də buna manipulyasiyalar etməklə, müxtəlif dezinformasiyalar yaymaqla və yaxud dəqiq olmayan məlumat çoxluğu yaratmaqla ictimaiyyəti çaşdırmağa  çalışırlar. Amma bütövlükdə götürdükdə demək olar ki, əvvəlki seçkilərlə müqayisədə oxşar cəhətlər daha çoxdur. Çünki hələ sistematik problemlər həll olunmayıb. Müəyyən vizual görüntülərdə hansısa bir irəliləyişlər olduğu görüntüsünü yaratmaq istəyirlər. Amma mahiyyətcə dəyişən bir şey yoxdur.

-Dediniz ki, bu dəfə namizədlərin qeydiyyatı ilə bağlı ötən seçkilərə nisbətən az şikayətlər oldu. Total xarakterli olmadı. Qeydiyyatdan sonrakı dövrdə hansısa problemlər varmı?

-Bizim apardığımız müşahidələr nəticəsində 74 seçki dairəsi üzrə pozuntu aşkar etmişik. Pozuntuları qruplaşdıraraq hesabatımızda göstərmişik. Namizədlərə münasibətdə seçki komissiyalarının bərabərliliyinin qorunması ilə bağlı pozuntular, imzatoplamaya mane halları, seçkidə iştirak edən tərəflərə təzyiqlər var. Bu təzyiqlər həm inzibati orqanlar, həm seçki komissiyaları, həm də hakimiyyətin tərkibində olan müxtəlif qruplar tərəfindən həyata keçirilir. Eyni zamanda konkret olaraq kənar müdaxilələri də aşkar görə bilirik. Burada həmçinin pozuntu kimi aşkar olunan məsələlər seçici siyahılarının cəmiyyətə açıqlanması və seçici siyahılarının əlverişsiz yerdə yerləşdirilməsi, seçicilərin seçici siyahılarında adlarını dəqiqləşdirməsi kimi pozuntu hallarına rast gəlmişik. Bu dəfəki seçkilərdə şikayətlər ötən dəfəki seçkilərdən sayca az görünsə də bunların görünməyən sayı da var. Bizim müşahidələr göstərir ki, prosesdə namizədliyini geri çəkən tərəflər nəticədən narazı olaraq, məcburiyyət qarşısında qalaraq namizədliyini geri çəkməli olub. Və yaxud namizədə sənədinin götürülməməsi üçün yaradılmış əngəllərə görə bezib şikayətini geri çəkməli olub, hətta bəzən real təhdidlər qarşısında şikayətini davam etdirmək iqtidarında olmayıb, onun iradəsi ciddi şəkildə basqı altına alınıb. Belə olduqda bu rəqəmlər istər-istəməz şikayətin sayına təsir edir. Amma seçkidə şikayətləri araşdıran tərəfin nə dərəcədə obyektiv olmasını qiymətləndirərkən görürük ki, ayın 17-nə qədər olan dövrdə MSK-ya 37 şikayət daxil olub, amma 34 şikayətdən 24-ü şikayət təmin edilməyib. Bu 60 faizdən çox deməkdir. Bu, aydın göstərir ki MSK da DSK-ların əsassız arqumentlərinə istinad edərək şikayətdən yayınır və dairələr üzrə müəyyənləşdirilmiş arzuolunmaz şəxslər seçkidən kənarda qoyulur. Bütün bunlar göstərir ki, bu proseslərdə heç də irəliləyiş yoxdur. Başqa bir tərəfdən KİV ilə, həmçinin birbaşa namizədlər üçün təşviqat imkanlarının yaradılması prosesinə baxsaq, aydın görürük ki, təşviqat üçün yerlər çox məhdid sayda təklif olunur. Halbuki, dövlətin borcudur ki, beynəlxalq təşkilatlar qarşısında öhdəliyidir ki, seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi üçün bütün tərəflərə bərabər şərait yaratsın. Ancaq təssüflər olsun ki, dövlət bu öhdəliyini məhdudlaşdırıcı sayda həyata keçirməyə cəhd göstərir. Bu da əslində görüntüdür. Buna rəqəmlərin dili ilə baxdıqda mənzərəni aydın görmək olur. Məsələn, 2010-cu ildə 4903 açıq və qapalı olmaqla yer ayrılmışdı, builki seçkilərdə isə cəmi 272 yer ayırıb. Bu, təxminən 20 dəfə azaltmadır. Formal olaraq Seçki Məcəlləsi tələb edir ki, seçkidə iştirak edən siyasi təşkilatlar və blokların 60-dan çox namizədi qeydə alındıqda pulsuz efir imkanı əldə etsin. Faktiki durumda isə siyasi təşkilatlar tərəfindən irəli sürülən namizədlərin sayı 60-dan aşağı saxlanıldı. Belə olduqda yalnız hakim partiyanın bu saydan daha artıq namizədi qeydə alınmaqla bu hüququ qazanmış oldu. Nəticə etibarı ilə onlar da  debatın baş tutmayacağını bilərək bu imkandan imtina etdilər. Görünən mənzərə budur ki, hakim sistem ölkədə fəaliyyət göstərən media, xüsusən televiziya və radio məkanını seçki kampaniyasında iştiraka qapadıb. Bunu ödənişli əsaslarla təşviqat üçün MSK-ya müraciət etmiş medianın siyahısına baxdıqda aydın görmək olur. Medianın əsas işi xəbərdir, siyasətdir, informasiya yaymaqdır. Televiziya kanallarının seçki prosesində iştirak etməməsi çox absurd yanaşma kimi görünür və dünyanın heç bir ölkəsində bunu kiməsə başa salmaq mümkünsüzdür. Medianın bu prosesdə iştirak etməməsi onların informasiya və xəbər məsələsində maraqsız olmamasından doğmur. Onların bu prosesdə iştirak etməsinə hakimiyyət tərəfdən icazə verilmədiyi aydındır. Çünki hər kəsə bəllidir ki, bu televiziyalar hakim ailə və onun ətrafında olan insanlar tərəfindən idarə olunur. Qanun tələb edir ki, İctimai Televiziya ödənişli təşviqatdan imtina edə bilməz. Özəl televiziyaların belə bir hüququ olsa da İctimai Televiziyanın belə bir hüququ yoxdur. Belə bir hüququnun olmadığına görə onlar formal olaraq bu imkanı yaradırlar, amma faktiki olaraq elə bir qiymət müəyyənləşdirirlər ki, bu qiymətlə seçkidə iştirak edən tərəflərə efir imkanını qapatdığını əvvəldən bəyan etmiş olur. Qiymətlə baxdıqda bunu aydın görmək olur. İTV namizədin bir dəqiqəsi üçün 1500 manatdan çox pul tələb edir. Bir saniyə üçün 77 manatdan çox pul tələb olunur. Adi riyazi hesablamalar aparsaq bir deputat 37 dəqiqə təşviqat aparmaq istəsə, parlament üzvü seçilərsə  bəri başdan 5 illik məvacibini xərcləmiş olur. Yəni, bu dərəcədə absurd qiymətdir. Biz bu absurd qiyməti onun əsasında müəyyənləşdiririk ki, İTV-nin özünün reklam üçün qiymət statistikası bəllidir. Bu, sonuncu ilin qiymətləndirməsi deyil. Çünki həmin informasiyanın özü açıq deyil. Amma 2015-ci ilin statistikasına görə, İTV-nin illik reklam qiyməti 1 dəqiqə üzrə 2,44 manat olub. Fantastik fərqi görün. Kommersiya məqsədi ilə reklamın 1 dəqiqəsinə 2,44 manat tələb edən televiziya namizədlərdən bir dəqiqə üçün 1500 manatdan çox pul tələb edir. Bu, aydın göstərir ki, onlar heç bir halda efir vermək istəmirlər. Yerlərin sayı, efir məkanının qapadılması, medianın monitorinqinə görə, seçki mövzusu, seçkidə iştirak edən tərəflər, xüsusilə müxalifət anlayışının bloklanması informasiya olması nəticə etibarı ilə cəmiyyəti ictimai-siyasi diskussiyalardan, seçki kampaniyasında ictimai müzakirələrdən çəkindirmək məqsədi daşıyır. İnsanların aktiv olmasını istəmirlər.

-Bu vaxta qədər olan müşahidələriniz nə deyir? Bu dəfəki seçkidə hakimiyyətdən müsbətə doğru hansısa nəticə gözləmək olarmı? Yoxsa problemləri yaradan daha çox keçmiş deputat olan namizədlərdir?

-Hakimiyyət seçkilərə start verdikdə də belə bir təbliğat aparmağa, belə bir əhval-ruhiyə yaratmağa başladı ki, sanki hakimiyyət ciddi islahatlara başlayır, parlamenti də məhz islahatlara cavab verməmək adı ilə buraxdı. Amma bu buraxmanın yaratdığı gözləntinin vaxtı çox da uzun sürmədi. Yəni, YAP-ın namizədlərin irəli sürülməsi ilə bağlı siyahısı açıqlanan zaman məlum oldu ki, bu, sadəcə, qısamüddətli bir təbliğat imiş. İslahatlara cavab verməyən deputatların böyük əksəriyyəti  partiya tərəfindən namizəd kimi yenidən irəli sürüldü. Başqa bir tərəfdən belə bir islahatın keçiriləcəyini güman edən və bundan həvəslənən yeni və orta nəslin nümayəndələri, əvvəllər siyasətə qarışmayan təbəqələr, orta biznes cameəsindən olan şəxslər də bu prosesə qoşulmağa cəhd etdilər. Və onlar seçki dairəsində gedib o münasibətləri, icra hakimiyyətlərinin onların yanaşmalarına verdiyi mesajları gördükdə çox qısa müddətdə anladılar ki, köhnə vəziyyət dəyişməyib. Yeni parlamentdə kiminsə əyləşməyi üçün mütləq qaydada yuxarıda əyləşmiş azsaylı şəxslər tərəfindən seçilmə prosesi onların da bu işdə iştirakı üçün bir “viza” müəyyənləşdirmiş olmalıdır. Bu yanaşmalar gerçəkliyi üzə çıxardı. Onların özünə də bunu hiss etdirməyə başladı. Təbii ki, bu start vəziyyətində yaradılmış təbliğatı bu gün də bu və ya digər formada davam etdirməyə çalışırlar. Onları da müəyyən rəqəmlərlə göstərməyə çalışırlar. Necə ki, MSK deyir ki, bu dəfə qeydəalınma rekord həddədir. Hansı ki bu il 2005-ci ildən xeyli dərəcədə fərqlənir. Təbii ki, 2015 və 2010-cu illə müqayisədə say etibarı ilə çox kimi görünə bilər. Amma qeydiyyata alma prosesinin ilkin mərhələsinin bitdiyi, yəni ayın 17-dən bu günə kimi vəziyyətə baxdıqda görürük ki, artıq kütləvi namizədlikləri geri götürmələr baş verir. Bu geri götürmələr heç də özbaşına baş vermir. Artıq siyasi təcrübəsi olmayan, siyasətdə hakimiyyətə qarşı sərt münasibətdə olmayan bəzi namizədlər məlumatlar bölüşürlər ki, onlara hər hansısa formada mesajlar verirlər ki, artıq sizin geri çəkilmək vaxtınızdır. Bu prosesdə də artıq məcbur olub geri çəkilənlər var. Bütün bunlar onu göstərir ki, heç də müsbətə doğru dəyişəcək xüsusi bir situasiya görünmür. Sadəcə olaraq, belə bir yanaşmalar ola bilər ki, hakimiyyət çalışır ki, beynəlxalq müşahidəçilərdən, xüsusilə ATƏT-in seçkiöncəsi hesabatını yumşaldacaq bir formal vəziyyət yaratsın ki, beynəlxalq tərəflərdən, tərəfdaşlardan seçkinin gedişinə dair müsbət rəy yarada bilsin və bunun üzərindən təbliğatı davam etdirə bilsin. Cəmiyyətdə yenə manipulyasiyalar edə bilsin. Amma hakimiyyətin bu ütülü, dırnaqarası səliqəli, səssiz metodlardan ibarət olan yanaşmaları səsvermə gününün nahar fasiləsinə qədər davam edəcək. Real vəziyyəti seçkidə iştirak edən, həqiqi seçki gözləyən və həqiqi seçkinin nəticələrinin olmasına çalışan namizədlər səsvermə günü nahar fasiləsindən sonra görəcəklər.

-Prezident İlham Əliyev Davosda “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən konfransda çıxış edərkən Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı deyib ki, əhalinin etimad etdiyi şəxslər seçiləcək. Belə çıxır ki, Seçki Məcəlləsini pozanlar, seçkiləri saxtalaşdıranlar prezidentin iradəsinə qarşı çıxacaqlar?

-Bu sualın məntiqi qarşılaşması ilə o vaxt razılaşmaq olar ki, prezidentin bundan əvvəlki seçkilərə münasibətini və onun sonunda verdiyi qiyməti bilməyək. Prezident özünün seçildiyi və ondan əvvəlki seçkilərə münasibət bildirərkən deyib ki, bu seçkilər şəffaf və demokratik keçib və xalqın iradəsi nəticəsində bu nəticələr olub. Amma bizim müşahidələr, beynəlxalq təşkilatların, əsas aparıcı beynəlxalq müşahidə missiyalarının verdiyi rəylər və ictimaiyyətə, mediaya bəlli olan gerçəkliklər gözardı olub. Reallıqdan uzaq və dirənircəsinə problemləri inkar etmə yanaşması ortaya qoyulub. Onların özlərinin təqdim etdiyi həqiqətləri cəmiyyətin qəbul etməsinə borclu olduğunu sübut etməyə çalışır. Güman etmirəm ki, indiki deyilən fikirlər də həmin əvvəlki yanaşmalardan fərqlənir.

-Siz seçkini müşahidə edən biri olaraq, təşkilat olaraq hansısa problemlərlə üzləşirsinizmi?

-Hələ ki elə bir xüsusi qaydada bu işin həyata keçirilməsi ilə əlaqədar maneçiliklərlə qarşılaşmamışıq. Bunu da vurğulamaq yerinə düşər. Düzdür, məlumatları əldə etmək asan deyil. Məlumatlara çatımlılıq imkanlarımız rahat deyil. Həm MSK tərəfindən informasiyalar cəmiyyətə açıq1anmır. Eyni zamanda müşahidəçilərimiz ayrı-ayrı seçki dairələrində olarkən DSK-lardan zəruri sənədləri, informasiyaları əldə etmək istərkən buna nail ola bilmirlər. İnformasiya təminatında aidiyyatı qurumlar heç də adekvat davranmırlar. Müşahidə prosesi zamanı monitorinq üçün zəruri məlumatların izlənməsi baxımından əverişli şərait yoxdur. Seçki məntəqələrinə getmək, orada seçici siyahılarının asılıb- asılmadığını izləməklə bağlı pozuntulara rast gəlirik. Amma təşkilatın müşahidəçilərinə və özünə qarşı hər hansı bir təzyiq əlamətlərinə biz hələ rast gəlməmişik.

-9 fevralda keçiriləcək seçkinin tam ədalətli, şəffaf keçirilməsi üçün nəyə ehtiyac var? Nə etmək lazımdır ki, seçkidə pozuntu olmasın. Seçicilər neyləməlidir, namizədlər neyləməlidir və hakimiyyət nə etməlidir?

-Hakimiyyət bu günə qədər olan yanaşmasına “dur” deməlidir. Təkcə mediaya buraxılan, guya ki, bu seçkilərin əvvəlki seçkilər kimi olmayacağı kimi ictimaiyyətə manipulyasiya məqsədli ötürülən informasiyalar yox, real informasiyalar paylaşılmalıdır. Eyni zamanda bu informasiyalar yaxşı olar ki, prezidentin məmurları qəbul edərkən videosu çəkilərək cəmiyyətə təqdim olunduğu kimi,  həmin görüşlər də cəmiyyətə görünən formada təqdim olunsun ki, məlum olsun ki, yerli icra hakimiyyətlərinə hansı göstərişlər verilib. İkinci isə bu verilən göstərişlərin arxasından atılan real addımlar da görünməlidir ki, bu deyilənlərin söz olmadığı, bunun iradə olduğuna hər kəsdə inam yaranmış olsun. Bundan əlavə, baş vermiş pozuntulara qarşı adekvat addımlar atılmalıdır. Pozuntunu törədən şəxslərin cəzalandırılması istiqamətində ciddi addımlar atılmalıdır. Şikayətlərin düzgün istiqamətdə araşdırılması və əsaslandırılmış qərarlar qəbul etmək lazımdır, hüquqları pozulan şəxslərin hüquqlarının bərpa olunması istiqamətində real addımlar atılmalıdır. Seçkidə iştirak edən tərəflər aktivliyini artırmalıdır, ictimai nəzarəti gücləndirməlidir. Bunun müqabilində seçkidə iştirak edən tərəflərlə hakimiyyət dialoq mühitini yaratmağa gec də olsa başlamalıdır. Vaxtın bitməsini nəzərə alaraq son şans olaraq belə bir dəyərləndirmə aparmalı və buna uyğun addım atmalıdır. Siyasi münasibətlərdə yaranan gərginlikləri aradan qaldırmaq istiqamətində real addımlar atmalıdır. Siyasi məhbusları azad etməlidir. Siyasi opponentlərlə müxtəlif istiqamətlərdə, ictimai zəruri məsələlərlə bağlı dialoq tədbirləri keçirməlidir. Onlara qapadılmış efir məkanları açılmalıdır, xüsusilə İTV-nin bilavasitə fəaliyyətinin məqsədi, borcu, öhdəliyidir ki, müxtəlif tərəflərə, müxalifətə efir imkanı versin. Hakimiyyət buna izn verməlidir. Bu tipli addımlar atmaq mümkündür. Bu məsələlərin həlli təbii ki, Azərbaycan hakimiyyətinin iradəsinə bağlıdır. Azərbaycan hakimiyyəti iradə ortaya qoysa, bunu istəsə, bir günün içində bu problemlərin çözülməsi istiqamətində real ciddi addımlar ata bilər.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti