Hüquq müdafiəçiləri Sadıqovun və Zeynallının işində siyasi motivlər görür, deputat isə fərqli düşünür
Bakı/12.09.22/Turan: Azərbaycanda illərdir, tanınmış şəxslərin sifarişli, qurama ittihamlarla həbs olunması, cəzalandırlması praktikası mövcuddur. Bu reallıq insan haqları ilə bağlı əksər təşkilatların, o cümlədən, ATƏT, AŞ kimi qurumların hesabatlarında, sənədlərində, Avropa Məhkəməsinin qərarlarında vurğulanıb. Bu utandırıcı praktikanın dəst-xəttinə tam uyğundur, bu barədə Turan-a Media Hüquqları Qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.
Onun fikrincə, "vəkilin və jurnalsitin işinin bizə bəlli olan hissəsində hər hansı cinayət tərkibinin mövcud olmasından danışmaq da çox çətindir".
"Hər iki şəxs rüşvət ittihamı ilə istintaqa cəlb edilib, həbs olunublar, hansı ki, jurnalistin və vəkilin bu əməlin subyekti kimi çıxış etməsi həm qanun, həm də praktika baxımından doğru deyil. Çünki Cinayət Məcəlləsinin 311-ci maddəsi üzrə cinayət tərkibinin yaranması üçün subyektin vəzifəli şəxs olması şərtdir", deyə hüquqşünas qeyd edib.
Məhkəmə praktikası bunu birmənalı olaraq təsdiq edir. Belə ki, bir neçə il əvvəl "Azadlıq" qəzetinin əməkdaşı Elçin İsmayıllı da rüşvət almaqda ittiham olunmuşdu. Amma yerli məhkəmələr jurnalistin vəzifəli şəxs sayılmaması əsası ilə həmin ittihamı ləğv ediblər.
Jurnalistin rüşvətdə ittiham olunması xüsusi hallarda baş verə bilər. Məsələn, qəzetin redaktoru rüşvət müqabilində kimisə işə qəbul etsə, burada cinayət tərkibinin mövcudluğundan söhbət gedə bilər.
Jurnalistin pul müqabilində hansısa hadisəni işıqlandırmasına isə etik normaların pozuntusu kimi baxıla bilər, deyə hüquqşünas bildirib.
"Elçin Sadıqovun insan haqları sahəsində tanınmış vəkil olmasını, peşə fəaliyyətinə görə davamlı təzyiqlərlə üzləşməsini, eləcə də Əvəz Zeynallının tanınmış tənqidçi jurnalist olduğunu nəzərə alaraq, onların cinayət təqibinin növbəti qurama iş olduğunu iddia etmək olar", deyə Ağaliyev bildirib.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov Sadıqovun və Zeynallının həbsini şərh edərkən qeyd edib ki, Azərbaycanda 1993-cü ildən bəri mövcud olan hüquq sistemi dövründə elə bir faza olmayıb ki, həmin dövrə repressiyalar xas olmasın.
"Azərbaycanda mövcud olan repressiya maşının başlıca məqsədi isə vəkillik institutunun yerli-dibli sıradan çıxarılmasıdır. Ölkədə barmaqla sayılacaq qədər siyasi ağırlıqlı işlərdə müstəqil surətdə öz hüquqi iradəsini ortaya qoyub müdafiəyə qoşulan vəkillər var. Vəkil Elçin Sadıqov da həmin o seyrək vəkillərdən biridir", deyə Səfərov qeyd edib.
Hazırkı iş onu göstərir ki, bu və ya digər inzibati metodlar, əngəllər nəticə vermədikdə vəkil həbs edilir.
Öz növbəsində Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. «Heç kimin xüsusi imtiyazı yoxdur. Heç kim qanunun fövqündə dayana bilməz. Peşəsindən, cinsindən, siyasi baxışlarından, əqidəsindən, irqindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir. Azərbaycan hüquqi dövlətdir və heç kəsi oturduğu yerdə həbs etmirlər».
Deputatın sözlərinə görə, şəxsin qanunsuz əməlləri müəyyən edildikdə qanun çərçivəsində, məhkəmə qərarı ilə onun həbsi mümkündür. «Vəkilsənsə, hüquqşünassansa bu, əlavə məsuliyyət yaradır. Deməli sən qanunu sıravi vətəndaşdan daha yaxşı bilirsən, öz məsuliyyətini daha yaxşı dərk edirsən».
Komitə üzvü qeyd edib ki, istintaq hərəkətləri davam etdirilir. «Doğrudan da həmin vəkilin hərəkətlərində cinayət tərkibi olmayacağı təqdirdə o, cəza almayacaq və azadlığa buraxılacaq. Yox, əgər istintaq nəticələri birmənalı şəkildə təsdiqləsə ki, burada cinayət faktı var, onda «mən vəkiləm, mən məsuliyyət daşımamalıyam» yanaşması yanlışdı».
Qeyd edək ki, bazar ertəsi Baş Prokurorluq rəsmi olaraq bildirib ki, Əvəz Zeynallı və Elçin Sadıqov "mətbuatdakı məlumatların araşdırılması" əsasında məsuliyyətə cəlb ediliblər.
""Xural Yayınları" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun "Baku Steel Company" şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib", deyə prokurorluğun məlumatında bildirilirdi.
Ə.Zeynallı və E.Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. 06B
Rəy yaz