sabah.com.tr
Əməkdaşlıq yoxsa Türkiyəyə qarşı tələ?
Martın 5-də Kremldə əldə edilən atəşkəs sazişinin konkret addımı martın 15-də gecə yarısından Türkiyə və Rusiya hərbçilərinin İdlibdə birgə patrul xidməti həyata keçirmələri oldu. Ankarada tərəflər arasında keçirilən üçgünlük müzakirələrdən sonra martın 13-də bununla bağlı razılaşma əldə edilmişdi.
Müəyyənləşdirilən 6 kilometrlik təhlükəsizlik bölgəsində rus hərbçilər türk hərbçilərin yerləşdiyi mövqeləri ovuc içi kimi görürlər.
İzlədiyimiz xəritələr Türkiyənin orada əl-qolunu sərbəst şəkildə açmasına çox da imkanı olmadığını nümayiş etdirir. Çünki Türkiyə atəşkəsi böyük ölçüdə qəbul etmək məcburiyyətində qalmış, şərtlərin əksəriyyətini Rusiya diqtə etmişdi.
Əsas məqsəd həm hərbi-dəniz bazasının mövcud olduğu Lazkiyə yolunu açıq saxlamaq, həm də cihadçı qrupların, Azad Suriya Ordusunun (ÖSO), Türkiyənin bölgədəki hücum və manevr imkanlarını məhdudlaşdıraraq Əsəd ordusunun yenidən güc qazanmasına nail olmaq idi.
Moskvanın atəşkəs planı Ankara üçün bir növ minalı tarla olsa da qəbul etməkdən başqa çarə yox idi. Çünki atəşkəs müqaviləsi heç olmasa,Türkiyənin bölgədəki İnsansız Hava Aparatlarının yaxından müşahidə aparmasının yolunu açırdı, Rusiyanın çəkindiyi faktorlardan biri budur.
Cihadçı qrupların bölgəni tərk etməməsi iki ölkə hərbçilərinin 15 martda başlayan müştərək patrul xidmətinə necə təsir göstərəcəkdi? Axı terrorçuların təxribatları 5 martda əldə edilən razılaşmanı başladığı yerdə sona çatdıra bilərdi. Ehtiyat edilən şey oldu: terrorçular hərbi patrullara qarşı təxribat törədib prosesi baltalamaq məqsədilə uşaqlardan və qadınlardan qalxan kimi istifadə etməyə başlar-başlamaz Rusiya Müdafiə Nazirliyi patrul xidmətinin erkən başa çatdığını açıqladı.
Müdafiə Nazirliyinin açıqlamasında Ankaranın baxımından məmnuniyyətverici cəhət – cihadçılardan “Türkiyənin nəzarətində olmayan qüvvələr” şəklində bəhs edilməsi idi.
Bu hal Türkiyə ilə Rusiyanın bölgədəki əməkdaşlığının davam etdirilməsi ehtimalını gücləndirdiyi kimi özü ilə başqa bir sualı da gətirib gəlir. Belə ki, bölgədəki hərbi əməliyyatlarda Rusiya dəstəkli Suriya ordusunun əsas hədəfi İdlibi heç cür tərk etməyən terrorçu qruplar olub, istər Türkiyə ordusunun , istərsə də Türkiyənin açıq şəkildə dəstəklədiyi Azad Suriya Ordusunun birbaşa hədəfə alınması faktlarına az rast gəlinir.
Martın 15-də bölgəni tərk etməyən terrorçu qrupların Rusiya-Türkiyə müştərək patrul xidmətinə qarşı təxribat törədərək xidmətin məhdudlaşdırılmasına səbəb olması Rusiyanın Türkiyəyə “artıq cihadçılara qarşı birgə mübarizə aparmaqdan başqa çarəmiz yoxdur” deməsinə səbəb ola bilərmi? Çünki Moskva Ankaranın o qruplara dəstək veridiyini hər fürsətdə açıq şəkildə dilə gətirir.
İndi isə təxribatlar Moskvanın qəfil diplomatik həmləsi ilə Türkiyəni bölgədəki cihadçı qruplara qarşı müştərək mübarizə şərtiylə üzbəüz qoya bilərmi?
Türkiyə indiyə qədər İdlibə sərt hərbi müdaxilənin “yeni qaçqın dalğası yaradacağına” səbəb olacağını bildirərək daşların yerindən oynamasının qabağını alır, Rusiya isə bunu “İdlibdəki cihadçı qrupların gizli himayədarı Türkiyədir” sözlərilə formula edərək Ankaranı günahlandırırdı.
Atəşkəsə (və ondan əvvəlki razılaşmalara) baxmayaraq, cihadçıların bölgəni tərk etməməsi, nəhayət, onlara qarşı mübarizədə Rusiya-Türkiyə əməkdaşlığını qacılmaz edəcəkmi?
Moskva bunu tələb edəcəkmi?
Ankara bu tələbi yerinə yetirəcəkmi?
Yerinə yetirsə, proseslər necə inkişaf edəcək, yetirməsə necə?
Atəşkəsdən sonrakı cihadçı təxribatları Türkiyəyə qurulan tələ ola bilərmi?
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz