President of Tajikistan Emomali Rahmon and President of Iran Ebrahim Raisi
İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olur. Reallıqda bu nə deməkdir?
İran hökumətinin rəsmi xəbər saytı İRNA bildirib ki, ölkə prezidenti Ebrahim Raisi 20 il bundan öncə yaradılmış bu təşkilata daxil olmaq üçün yaradılmış imkanlara görə ŞƏT üzvü olan 8 ölkəyə (Çin, Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Hindistan və Pakistan) təşəkkür edib.
İran KİV ölkənin bu addımını "ali lider Əli Xameneinin müəyyən etdiyi siyasətə tam əməl edən yeni prezidentin böyük qələbəsi" kimi qiymətləndirir.
Həm Raisi, həm də Xamenei dəfələrlə vurğulayıblar ki, İran təkcə Qərb tərəfindən özünün iqtisadi təcridinə müqavimət göstərmək üçün yox, həm də nüvə proqramı üzrə yeni sazişin əldə olunmasına, FATF ilə bağlı problemlərin həllinə, Yaxın Şərq və Asiya regionlarında rolunun möhkəmlənməsinə kömək edəcək siyasi dəstəyi tapmaq üçün “Şərqə baxmalıdır”.
Cümə günü Çin Xalq Respublikasının sədri Si Tsinpin videobağlantı ilə ŞƏT Dövlət Başçıları Şurasına müraciət edərək deyib: "Bu gün biz İranın üzv dövlət kim, həmçinin Səudiyyə Ərəbistanı, Misir və Qətərin dialoq üzrə yeni tərəfdaşlar kimi ŞƏT-ə qəbul edilməsi proseduruna başlayacağıq. Böyüməkdə olan ŞƏT ailəsi "bütün dünyada sülh yaradacaq, qlobal inkişafa töhfə verəcək və beynəlxalq düzəni qoruyacaq".
Sentyabrın 17-də Çinin xarici işlər naziri Van İ İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüşündə deyib ki, Çin İranla regional və beynəlxalq məsələlərdə koordinasiyanın və əməkdaşlığın möhkəmləndirilməsi üzərində işləməyə, İranla nüvə sazişinə dair danışıqları birgə irəlilətməyə, düzgün istiqamətə sadiq qalmağa və mümkün qədər tez konsensusa nail olmağa hazırdır.
ŞƏT üzvü olan bütün ölkələr üçün ikinci vacib problem təşkilatda müşahidəçi statusuna malik Əfqanıstandakı durumdur (taliblərin hakimiyyətə gəlməsi).
Hindistanlı ekspert Harşa Pantın fikrincə, “Tehran qonşu Əfqanıstandan qaynaqlanan problemlərlə üzləşir, onu əhatə edən bölgələri, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının fəsadlarını daha yaxşı başa düşmək istəyir. Belə ki, bu, ilk növbədə Mərkəzi Asiyada hiss olunacaq.
“Rusiya və Asiya ölkələri radikal islam versiyasının Orta Asiyaya yayılmamasını istəyirlər. İrana şiə islam teokratiyasının rəhbərlik etməsinə baxmayaraq, İranın ŞƏT-də olması ən yaxşə siyasəti müəyyən etməyə və regionda problemlərin həllinə daha vahid yanaşma sərgiləməyə imkan verir, təşkilatın beynəlxalq nüfuzunun artdığını göstərir",- Pant hesab edir.
Ekspert hesab edir ki, "İran Çin və Rusiyanın olduğu düşərgədədir, o mənada ki, Yaxın Şərqdə antiamerika, antiqərb fövqəldövlətdir və bu da ona Pekin və Moskva ilə əlaqələrini daha əsaslı şəkildə inkişaf etdirməyə imkan verir”.
"Valday" beynəlxalq diskussiya klubunun eksperti Fərhad İbrahimov ASTNA ilə söhbətində qeyd edib ki, son onillikdə İranda ŞƏT-ə xüsusi diqqət yetirilib, onu Böyük Avrasiya regionunda təhlükəsizliyə olan təhdidlərə cavab verə biləcək səmərəli təşkilat hesab ediblər.
"Tehranın kənarda qala bilmədiyi Əfqanıstan hadisələri fonunda ŞƏT və İranın bir-birinə ehtiyacı var. İran radikalizmlə mübarizə sahəsində böyük təcrübəyə malikdir və bu məsələ ilə bağlı kooperasiyaya ehtiyac var. Həmçinin, İran ŞƏT və Yaxın Şərq arasında "giriş qapısıdır" ki, bir çox Yaxın Şərq ölkəsi bu beynəlxalq təşkilata can atır", - İbrahimov vurğulayıb.
Onun fikrincə, ŞƏT-in əhəmiyyətli dərəcədə demoqrafik (İranda 83 milyon nəfər yaşayır) və regional – ŞƏT üçün mühüm olan Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrin təşkilata cəlb edilməsi yolu ilə genişlənməsi, həmçinin nəhəng dünya dövlətlərinin siyasi koordinasiyasının möhkəmlənməsi baş verir.
İbrahimov hesab edir ki, bu cür inteqrasiya Qərbi, xüsusilə də Bayden administrasiyasını daha çox narahat edəcək.
"İstisna etmirəm ki, Qərbdə bəzi qüvvələr ŞƏT çərçivəsində yarana biləcək istənilən koalisiyanı parçalamaq üçün əllərindən gələni edəcəklər. Bu zaman ŞƏT üzvləri, məsələn, Hindistan və Pakistan, İran və Pakistan arasında mövcud ziddiyyətlərdən istifadə oluna bilər. Bu mənada ŞƏT-in və onun təşəbbüsçüləri Rusiya və Çinin vəzifəsi iştirakçılar arasında mübahisənin olmaması üçün müdrik balansa nail olmaqdır", - İbrahimov ASTNA ilə söhbətində deyib.
İqtisadi layihələrin artan rolu
"Valday Klubu"nun eksperti hesab edir ki, hələlik ŞƏT öz diqqətini təhlükəsizlik və siyasət məsələlərinə yönəldir, lakin İranın təşkilata daxil olması iqtisadi layihələrin inkişafını stimullaşdıra bilər.
"Məsələn, Çin ŞƏT-ə “iqtisadi gözlərlə”, cəlbedici iqtisadi layihələri inteqrasiya edən struktur kimi baxır ("Bir kəmər, bir yol" - Böyük İpək Yolunun geniş təqdimatı). Düşünürəm ki, bu ticarət-nəqliyyat zəncirində mühüm halqa olan İranın ŞƏT-ə üzv qəbul edilməsi ŞƏT-in vəzifələrinin genişləndirilməsi üçün drayver ola bilər", - İbrahimov hesab edir.
Qeyd edək ki, Çin ŞƏT regionunda azad ticarət zonasının yaradılmasına, investisiyalar üçün infrastrukturun təşkilinə (hələlik ŞƏT-də ancaq banklararası birlik yaradılıb), ŞƏT ölkələrinin ÜTT-yə daxil olmasına israr edir.
Faktiki olaraq, ŞƏT-ə həm iri yanacaq istehsalçıları, həm də iri karbohidrogen alıcıları daxildir. Region böyük neft və qaz kəmərləri şəbəkəsi ilə əhatə olunub.
Çağdaş dünyanın aktual problemi - su resurslarından istifadə məsələləri öyrənilir.
ŞƏT üzvü olan ölkələrdə sənaye və elm sürətlə inkişaf edir və bunu Qərbdə də etiraf edirlər.
ŞƏT-ə daxil olan ölkələrin ümumi ərazisi 35 milyon km², yəni Avrasiya ərazisinin 60 faizi qədərdir. ŞƏT ölkələri əhalisinin ümumi sayı təxminən 3,4 milyard nəfərə (2021-ci il) – planetin əhalisinin yarısı - bərabərdir.
Beləliklə, bu təşkilatdakı istənilən dəyişiklik ümumdünya nəticələrinə səbəb ola bilər.
Azərbaycana gəlincə, ölkə ŞƏT-də əsas regional oyunçulara verilən dialoq üzrə mühüm tərəfdaş statusuna malikdir.
Hələlik Azərbaycanı ŞƏT iştirakçıları ilə əlaqələrin dəstəklənməsinin bu cür formatı qane edir və ölkə təşkilata daxil olma perspektivlərini nəzərə almaqla bu təşkilatın addımlarının effektivliyini izləyir.—0—
Rəy yaz