Açıq mənbələrdən foto
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür. 28 il Azərbaycanlının orta ömürün üçdə biri deməkdir. 1992-ci ilin 1 yanvarında Azərbaycanının müstəqilliyi bərpa olunandan bir az sonra ölkə əhalinin sayı 7 milyon 324 min 100 nəfər təşkil edirdi, sayımız 2019-cu il yanvarın ayının 1-nə 9 milyon 981 min 500 nəfərə çatıb. O vaxtdan bu ilin əvvəlinə qədər əhalinin sayı 2 milyon 564 min 250 nəfər artıb. Bu isə o deməkdir ki, hazırda Azərbaycanda 2,5 milyon nəfərədən çox müstəqillik dövrünün uşaqları və gəncləri yaşayır.
Müstəqilliyin bərpasından ötən dövrdə ölkədə əhalinin orta illik artımı 94 min 972 nəfər olub. Hesabat dövründə 3 milyon 960 min 123 nəfər, orta hesabla ildə 146 min 671 nəfər doğulub və 1 milyon 440 min 532 nəfər, orta hesabla ildə 51 min 447 nəfər ölüb. 1992, 1993 və 1994-cü illərdə, eləcə də 2005-ci ildən bəri hər il ölənlərin sayı orta göstəricidən yüksək olub.
Müstəqilliyin ilk illərində ölüm hallarının çoxalması şübhəsiz ki, Qarabağ uğrunda döyüşlərdə həlak olanlarla bağlıdır. Rəsmi açıqlamalara görə, həmin illərdə yalnız döyüş əməliyyatlarında 11 min 557 nəfər Azərbaycan hərbçisi şəhid olub. 2005-ci ildən başlayaraq artan ölümlərin bir səbəbi qocalıq olsa da, digər səbəbi də erkən xəstəliklər, düzgün olmayan müayinə, səmərəsiz müalicə və keyfiyyətsiz dərmanlardır. Dövlət sığortası ilə təchiz olunmayan səhiyyədə vaxtlı-vaxtında müayinə olunub aşkara çıxarılmayan xəstəliklər, müntəzəm aparılmayan peyvəndlər və digər profilaktik tibbi tədbirlər qəfil və erkən ölüm hallarının baş verməsində əhəmiyyətli rol oynayır.
Çirkli hava və su, keyfiyyətsiz qidalar da insan ömrünü azaldır. Təəssüf hissi ilə qeyd etmək olar ki, 28 ildə Azərbaycan səhiyyəsi ölkə vətəndaşlarının sağlamlığına təminat verə biləcək güvəncli quruma çevrilə bilmədi.
Rəsmi məlumata görə, hər il Azərbaycandan İrana müayinə və müalicə olunmaq üçün yüz minlərlə xəstə səfər edir. Bundan əlavə, orta səviyyədə imkanı olanlar xəstələrini Gürcüstana, Rusiyaya, Türkiyəyə, Belarus, Ukraynaya, varlılar isə Almaniyaya və ABŞ-a aparırlar. Əslində xaricə üz tutanların çoxu Azərbaycandakı müalicə və müayinədən razı qalmayanlardır. Çünki, hətta orta səviyyədə kadr potensialı olsa da 28 ildə səhiyyənin texniki, maliyyə və idarəetmə təminatı müasir tələblərə uyğun qurulmayıb.
Hazirda Azərbaycanda ali təhsil verən universitetlərin, institutların, filialların sayı 40-a yaxındır. Lakin, 26 ildə beynəlxalq standartlara uyğun təhsil ocaqları formalaşa bilmədi. Times Higer Education (THE) reytinqində ilk 1000-də Rusiyadan 15, Türkiyədən 11, Ukrayna, Belarus və Gürcüstanın hərəsindən 1 Universitet təmsil oldunduğu halda Azərbaycan Universitetləri ümumiyyətlə bu siyahıya daxil ola bilməyib. Halbuki, 2006-2015-ci illərdə dövlət büdcəsindən tikintiyə 44,6 milyard manat, təhsilə 11,8 milyard manat, sosial müdafiəyə və təminata birlikdə 11,1 milyard manat, dövlət idarəetmə aparatınn saxlanılmasına 10,1 milyard manat, səhiyyəyə 4,7 milyard manat xərclənib. Beləliklə də 2006-2015-ci illər ərzində hər il orta hesabla tikintiyə 4,5 milyard manat, təhsilə 1,2 milyard manat, idarəetmə aparatının saaxlanmasına 1 milyard manat, səhiyyəyə isə 500 milyon manata qədər vəsait birbaşa dövlət büdcəsindən xərclənib. Bu heç də adı sadalanan sektorlara sərmayə olunan vəsaiti hamısı deyildir, bundan əlavə həmin sektorlara özəl və şəxsi vəsait mənbələrindən də milyradlarla manat vəsait xərclənib.
Müqayisə edəndə görərik ki, 2006-2015-ci illərdə yalnız tikintiyə xərclənən vəsait həmin dövrdə təhsilə, səhiyyəyə, idarəetmə aparatının saxlanılmasına, elmə, sosial müdafiə və təminata birlikdə xərclənən vəsaitdən 7 milyard manat çox olub. Göründüyü kimi, son on ildə şişirdilmiş, davamlı əlavə dəyər yaratmayan, əsasən qeyri-kommeriya təyinatlı olan layihələrlə talan olunan neft gəlirlərindən ən çox bəhrələnən tikinti sektoru olub.
Bütövlükdə isə bu ilə qədər Azərbaycanın neft gəlirləri 148,2 milyard, həmin tarixə Fondun aktivləri 38,5 milyard ABŞ dollarına bərabər olub. Bu dövr ərzində əldə edilmiş neft gəlirlərinin 93 milyard manatı dövlət büdcəsinə transfertlərə yönəlib və əsasən infrastruktur təyinatlı şişirdilmiş layihələrə xərclənib. Amma buna baxmayaraq 26 ildən sonra da Bakıya bir neçə saat fasiləsiz olaraq yağan yağış şəhərin bir sıra yaşayış məntəqələrində nəinki küçələr, hətta məhələləri belə keçilməz edir. Müstəqil Azərbaycan 28 ildən sonra dünya bazarında nefti, region bazarında isə pomidoru və digər tərəvəz məhsulları ilə tanınır. 2019-cu il üzrə Qlobal İnnovasiya indeksində Azərbaycan dünyanın 129 ölkəsi arasında 84-cü yerdədir.
28 ildir ki, Azərbaycan Qarabağ həsrəti ilə yaşayır, keyfiyyətli təhsil, təminatlı səhiyyə, yaxşı dolanışıq və təhlükəsiz həyat arzusu ilə müstəqllik gününü qeyd edir. Lakin, müstəqillik dövrünün "izafi xərcləri"ndən - rüşvət və korrupsiya, kütləvi işsizlik, bahalaşma, ifrat təbəqələşmədən əziyyət çəkən sadə əhali 28 ildən sonra da sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışdan, sosial təminatlı rifahdan, keyfiyyətli təhsildən, siğortalı səhiyyədən və təhlükəsiz gələcəkdən məhrumdur. Bu səlahiyyət sahiblərini qayğılandırmır. Çünki, 26 ildir ki, "müstəqilliyin xərcləri" sadə vətəndaşların vergiləri və neft gəlirləri hesabına ödənildiyindən ölkədə yoxsulluq getdikcə genişlənir. Dünya Bankının 2019-cu ilin yanvarında dərc etdiyi "Cənubi Qafqaz hərəkətdə"[1] hesabatında Azərbaycanda əhalinin orta hesabla 24 faizi, Bakıda 16 faizi, bölgələrdə isə 30 faizi yoxsulluq səviyyəsində və ondan aşağıda yaşayır.
[1] World Bank, South Caucasus in Motion http://documents.worldbank.org/curated/en/614351556553124178/pdf/South-Caucasus-in-Motion.pdf?fbclid=IwAR19Gcd2PvhInLcAx95zQ1wBJ1L6oo4gU5e5RFMHaB7Cs4RdfQZlV5Oz3nY
Rəy yaz