Paşinyan Tbilisiyə səfərini başa vurub, hədiyyə olaraq it alıb

Bu dəfə rəsmi səfər statusu ənənəsi pozulub: tərəflər ikitərəfli sənədlər imzalamayıblar, razılaşmalarını və baxışlarını birgə bəyanatla rəsmiləşdirməyiblər.

Səfərin son saatlarında baş nazir Qaxariya Paşinyana Qafqaz çoban itinin küçüyünü hədiyyə edərək deyib: "Bu, Gürcüstanın özününki kimi sizə verə biləcəyi şeydir".

İkitərəfli sazişlərin olmaması tərəflərin diqqəti təkcə Qafqaz faunası üzərində cəmləşdirməsi demək deyil. Paşinyan bildirib ki, gürcü həmkarı  ilə nəqliyyat, energetika, telekommunikasiya, təhsil, elm və regional təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflərin ictimai açıqlamaları ehtiyatlı, axarlı və həddindən artıq diplomatik olub, bunu regional qeyri-sabitlik amilinin mövcudluğu şərtləndirmiş ola bilər - münaqişələr (Qarabağ, Abxaziya, Osetiya), qonşularla (Rusiya, Azərbaycan, Türkiyə) münasibətlər (burada mövqelər tamamilə ziddir).

Məsələn. "Biz mürəkkəb regionda yaşayırıq, hamımız yaxşı başa düşürük, hökumətlərimiz də başa düşür ki, sabitliyimiz və təhlükəsizliyimiz ölkələrimizin inkişafının əsasıdır. İlk növbədə təhlükəsizliyin qayğısına qalmalıyıq...", deyə Gürcüstan baş naziri Georgi Qaxariya bildirib. Nikol Paşinyan ona cavabında deyib ki, Ermənistan və Gürcüstan bir-birinin təhlükəsizliyi üçün təhdid təşkil edə bilməz.

Paşinyanın səfəri ictimai əhval-ruhiyyənin qütbləşməsi və radikallaşması şəraitində baş tutub. Gürcüstan mətbuatı qəzəbli Rusiya əleyhinə məqalələrlə doludur. Bu yaxınlarda Tbilisidə Rusiya əleyhinə mitinqlər keçirilib, bu aksiyalar etirazçıların polislə qanlı qarşıdurmasına gətirib çıxarıb. Ermənistan mətbuatında isə Türkiyə və Azərbaycan əleyhinə məqalələr dərc olunur. Paşinyan Tbilisidə bu əhval-ruhiyyələri dilə gətirib, Türkiyənin qonşularla getdikcə daha çox problemlər qazandığını qeyd edib. Hələ bu yaxınlarda türklərlə hərbi təlimlər keçirən gürcülər səslərini çıxarmayıblar.

Bu fərqləri hiss edən müşahidəçilər sual verir: Bu qədər fərqli geosiyasi üstünlükləri olduğu halda, bu iki ölkənin təhlükəsizliyin təmin edilməsinə necə ortaq yanaşmaları ola biləcəyini təsəvvür etmək çətindir.

Koronavirusun yayılması ilə əlaqədar hər iki ölkənin təhlükəsizliyi sabitlik sınağından keçir. Paşinyan Tbilisidə qonaq olarkən Gürcüstan-Ermənistan sərhədində Ermənistan yük maşınları kilometrlərlə uzanan növbəyə düzülmüşdülər, Gürcüstan sərhədçiləri müayinə zamanı onları ləngidir. Gürcüstan İrandan meyvə və tərəvəz gətirən Ermənistan avtomobillərinin ölkə ərazisinə keçməsinə icazə vermir.

Gürcüstan tərəfin bu addımı ilə əlaqədar Ermənistan iqtisadiyyatı yaxın günlərdə ən böyük zərbəyə məruz qala bilər, - Ermənistanın "Lragir" qəzeti belə yazır. İrandan idxal edilən mallar qaytarılsa və təsərrüfat subyektləri onları Ermənistanda satmaq məcburiyyətində qalsa, Ermənistan bazarı partlayacaq, belə ki, bu qədər böyük tələbat təmin edilə bilməz. Nəticədə meyvə-tərəvəz qiymətləri kəskin şəkildə düşəcək, Ermənistanda biznesə ziyan dəyəcək.

Əlavə edək ki, Ermənistanın ağır yük maşınlarının Gürcüstan ərazisinə keçidində hər il problemlər yaranır, bu problemlər mövsümi xarakter daşıyır (qışda dağlıq yollar bağlanır) və bunun siyasi səbəbi var, belə ki, Ermənistan siyasətçilərinin Gürcüstan əleyhinə fikirlər səsləndirməsi ilə eyni vaxta təsadüf edir.

Baş nazir Paşinyanın mətbuat katibinin verdiyi məlumatdan çıxan nəticəyə görə, Ermənistan yükləri məsələsi əsas müzakirə mövzusu olub. Amma müzakirələrin nəticələri haqqında məlumat verilmir. "Baş nazir (Ermənistanın - red.) iki ölkə vətəndaşlarının qarşılıqlı səfər prosedurlarının sadələşdirilməsi haqqında razılaşma əldə edib. Yük daşımaları ilə bağlı məsələyə toxunulub", deyə mətbuat katibi Tvitter-də yazıb.

Bu bəyanatdan belə bir nəticə çıxarmaq olar ki, Paşinyan Tbilisiyə sərhəd problemlərinin, nəqliyyat problemlərinin təcili həlli üçün gəlib, bu sahələrdə vəziyyətin pisləşməsi Ermənistanda sabitliyi və ölkənin siyasi mövqeyini ciddi şəkildə sarsıda bilər.

Tbilisidə iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında göstəricilər açıqlanıb. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 680 mln. dollar təşkil edib, Gürcüstandan ixrac 412 milyondan bir az artıq təşkil edib. Ermənistan gürcülərə 267 milyondan bir qədər çox mal ixrac edib. Bu sonuncu göstərici Ermənistan iqtisadiyyatının strukturunda cüzi görünə bilər, amma ona görə əhəmiyyətlidir ki, bu rəqəmin arxasında Paşinyanın əsas elektoratını təşkil edən yüz minlərlə kiçik və orta sahibkarın maraqları durur.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti