yenisafak.com
"Sülh bulağı" əməliyyatına verilən reaksiyaları "gözlənilən" və "gözlənilməyən" kateqoriyalarına ayıranda Misirin reaksiyasını birinci,Səudiyyə Ərəbistanının reaksiyasını isə ikinci qrupa aid etmək mümkündür.İkisi də Türkiyənin hərbi əməliyyatına qarşı çıxarkən prezident Erdoğan eyni çıxış içində ikisinə dalbadal cavab verdi: "Səudiyyə Ərəbistanı güzgüyə baxsın,Yəməndə törətdiyi əməllərə baxsın.Əvvəlcə bunun haqq-hesabını ver.Misir isə heç danışmasın.52% səslə seçilən Mursini necə devirirsən? Demokratiya qatilisən"
Suriyalı qaçqınlar problemində cənab Erdoğanın ulduzu Avropa Birliyi ilə heç cür barışmadı.AB-nin bəzi ölkələrinin Türkiyənin sərhədin o tərəfindəki hərbi əməliyyatını "müdaxilə" kimi xarakterizə etməsinə prezident Erdoğan yenə "qaçqınlar dəyənəyi" ilə cavab verdi.Bunun əvvəlki cavablardan fərqi açıq və konkret olmasında idi :"Eyyy Avropa,bizim ordumuzu işğalçı kimi xarakterizə etsən,işimizi asanlaşdırarsan.Sərhəd məntəqələrimizi açar,3.6 milyon qaçqını sizə göndərərik"
İşin pərdə arxasındakı mövqelər bəllidir və böyük ehtimalla, heç 5%-i də pərdənin önündə əks etdirilmir.Beynəlxalq koalisiyanın Suriyaya qarşı müharibəyə başlamasından bəri proseslərə sadəcə İran və Livan Hizbullahı çərçivəsində arabir müdaxilə edən İsrailin isə "Sülh bulağı" əməliyyatının başlamasından sonra Türkiyəni günahlandıraraq bölgədəki kürdlərə açıq dəstək verməsi geniş ictimaiyyət üçün sürpriz oldu.Türkiyənin hərbi əməiyyatına qarşı çıxan baş nazir Netanyahunun "İsrail cəsur kürd xalqına humanitar dəstək verməyə hazırdır"-sözləri həm Tel-Əviv diplomatiyası həm də bölgədə cərəyan edən proseslər baxımından ilk dəfə bu qədər açıqlıq kəsb etdi.Təbii ki,Ankaranın da Tel-Əvivə artıq klassikləşmiş ənənəvi cavabı da gecikmədi.
Cərəyan edən proseslərin ən maraqlı tərəfi ABŞ prezidenti Donald Trumpın hər saat başı dəyişən açıqlamalardır.Belə ki,bir tərəfdən,Suriyanı tərk edərək İŞİD terror təşkilatı ilə bağlı məsuliyyəti Türkiyəyə verəcəklərini,ona görə hərbi əməliyyata icazə verdiklərini bəyan edən prezident Trump təxminən 1 saatdan sonra "Qaydalardan kənara çıxsa, Türkiyə iqtisadiyyatını dağıtmaqdan və ağır sanksiyalar tətbiq edilə biləcəyindən" dəm vurur.Maraqlıdır ki,hökumət də o hökumətin yaratdığı tərəfdar media da Donald Trumpa qarşı sərt mövqe nümayiş etdirmir.Konqres üzvlərinin və senatorların ünvanlarına verilən sərt cavabların prezident Trumpa ünvanlanmasına şahid olmuruq.Bunun səbəbi prezident Erdoğandır. Çünki cənab Erdoğan seçki ərəfəsində ABŞ prezidentinin də "daxili bazar"dan asılı olduğunu və bəzi seçici təbəqələrini öz tərəfinə çəkmək üçün bu jarqonun kara gəldiyini bilir(çünki cənab Erdoğan da eyni taktikanı Türkiyədə izləyir) Digər tərəfdən,noyabrın 13-nə təyin edilən Trump-Erdoğan görüşünə gedən yolda Ağ evin indiki sahibiylə münasibətlərin pozulmasını,hamıdan əvvəl,Erdoğan istəmir.Cənab Erdoğan bunu da bilir ki,Konqresin və Senatın hazırladığı sanksiya layihələri qəbul edilsə belə,prezidentin o qanunlara veto qoyma səlahiyyəti var.Mozaik halında olan Konqresdən və Senatdan qanun çıxmasını əngəlləmək mümkün olmayacağına görə,veto səlahiyyəti olan prezidentlə münasibətləri hərarətli tutmaq ən düz yoldur.Ona görə rəsmi Ankaranın və onun tərəfdar mediasının salvolarından, hələ ki,prezident Trumpa pay çatmır.
Yenə Suriyadakı ən kritik ölkəyə gəldik: Rusiya.Diplomatiya idarəsinin Andrey Qromıkodan sonrakı ən uzun ömürlü başçısı Sergey Lavrov, bu proseslərdə Kremlin yenə 1 addım öndə olduğunu göstərərək "Suriya və Türkiyə hökumətləri arasında dialoq yaradılmasına cəhd göstəriləcəkdir"- deyə ölkəsinin "Sülh bulağı" əməliyyatından sonrakı ən dəqiq və açıq mövqeyini ortaya qoydu.İndiyə qədər bu təklifini üstü qapalı və kövrək şəkildə səsləndirən Moskvanın bu dəfəki mövqeyi konkret ünvan göstərməsi baxımından sürpriz sayıla bilər.
Və Sergey Lavrovun Dəməşq İlə Ankara arasındakı "dialoq" təklifini bu qədər konkretləşdirməsi bu sualı da özü ilə gətirib-gəldi:"Yoxsa son hərbi əməliyyata icazəni "Dəməşq ilə dialoq" şərtiylə verdilər?
Elədirsə,mənzərə 180 dərəcə başqa xarakterli çalarlara bürünəcəkdir...
Rəy yaz