Rəsmi statistikaya görə, Azərbaycanda kolbasa məmulatının istehsalı azalıb. Amma ticarət şəbəkəsinin monitorinqi, eləcə də yerli telekanallarda Istehlak istehsalçıların geniş reklam kampaniyaları bunun tam əksini iddia etməyə əsas verir. Yerli istehsalın təşkili üçün ölkəyə idxal olunan bəzi xammal və köməkçi materialların həcminə dair rəqəmlərin təhlil göstərir ki, kolbasa istehsalçıları dəyəri ən azı 50 mln. manat olmaqla gerçək istehsal və satış həcmlərini vergidən yayındırır.
Dövlət Statistika Komitəsinin bu ilin 11 ayına olan məlumatına görə, hüquqi şəxs kimi fəaliyyət göstərən müəssisələrdə 1 620,3 ton kolbasa və sosiska məhsulları istehsal edilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 11,7% azdır. Maraqlıdır ki, ölkədə fəaliyyət göstərən ət məhsulları istehsalçılarının heç biri öz illik istehsal gücləri və gerçək satış həcmləri barədə nə rəsmi qaynaqlarda məlumat verir, nə də bu haqda sorğulara cavab verirlər. Məlumatın belə gizli saxlanmasının isə səbəbini anlamaq elə də çətin deyil.
DSK-nın məlumatına görə, 2012-ci ildə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehsalçılar da daxil olmaqla Azərbaycanda kolbasa və sosiska istehsalı həcmi 2,4 min tondan 4 min tonadək artıb. İstehsal həcminin belə kəskin artımının arxasında dayanan amilləri dəyərləndirmək asan məsələ deyil. Məsələ burasındadır ki, istehsalçılar haqqında fərdi məlumatlar statistik sirr hesab edildiyinə görə, araşdırmalarda DSK-nın yalnız regional bölgüyə əsalanan məlumatlarından yararlanmaq lazım gəlir. Bu məlumatlara görə, 2012-ci ildə Bakı şəhərindəki müəssisələrdə 844,8 ton mal istehsal olunub. İstehsal artmaqdansa, əvvəlki ilə nəzərən 102,3 ton və ya 8,1% azalıb. 2006-cı illə müqayisədə isə Bakıdakı kolbasa istehsalçıları dövlət qurumlarına məhsul buraxılışını 40% azaltdıqlarını bəyan ediblər. Abşeron rayonunda çalışan müəssisələrdən isə ötən il 600 tondan yuxarı məhsulun bazara çıxarıldığı bildirilib. Bu, 2011-ci ildəkindən 28,5% çoxdur. Digər tərəfdən, bu göstərici yerli kobasa istehsalçılarına güvənin elə də yüksək olmadığı 2006-cı ilin göstəricisindən sadəcə 24% çoxdur. Bunu xüsusi vurğulamaq lazımdır ki, rəsmi statistikaya görə, 2008-2010-cu illərdə yerli istehsalçılar bazara cəmi 2,1 min ton civarında kolbasa və sosiska məhsulları çıxara bilirdilər. Həmin illərdə xarici ölkələrdən gətirilən məhsullar yerli sitehsalı az qala üstələyirdi, 2009-cu ildə isə hətta 36% çox idi. 2009-cu ildən fəaliyyətə başlayan “Ət və ət məhsulları istehsalçıları” İctimai Birliyinin sədri Fuad Qulubəyov nə birliyə üzv olan 6 şirkətin, nə də ümumiyyətlə, ölkədəki kolbasa istehsalçılarının bazara çıxartdıqları məhsulun həcmi barədə Turan-a hər-hansı məlumat verə bilmədi. F. Qulubəyov uzun illər Bakı şəhəri Baytarlıq İdarəsinə başçılıq edib və kolbasa istehsalçıları barədə özgə sözü ilə məlumatlı deyil. Buna görə də önun bu susqunluğunu izah etmək çətindir.
Qeyd edək ki, ölkənin ən iri kolbasa və sosiska məhsulları istehsalçıları (“Zəhmət-Ruzi”, “Səhliyalı”, “Orxan-SS”, “Hakan Foods”, “Flaqman” və s.) Abşeron yarımadasında fəaliyyət göstərir. Bu şirkətlərin bəzisi büdcəsi ucuz olmayan bir çox populyar teleproqramlara sponsorluq edir. Şirkətlərdə bazarda rəqabətin olduğunu və ona davam gətirməyin asan məsələ olmadığınıda etiraf etdilər.
Əhalisinin sayı təxminən 400 min nəfər olan (qeyri-rəsmi məlumatlara görə isə faktiki yaşayanların sayı 200 min nəfərdən çox deyil) Naxçıvan Muxtar Respublikasında kolbasa və sosiska məhsullarının istehsalı həcmləri ölkə miqyası ilə müqayisədə ən azından yaxşı mənada təəccüb doğurur. Muxtariyyətdə 2008-ci ildən bəri illik istehsal həcmləri artmaqdadır və 2012-ci ildə 1274 tona çatıb. Bunun 25,7 tonu şirkətlərin payına düşür. Üzünüz müqayisə edin: bütün ölkədə istehsal olunan kolbasa və sosikka məhsullarının təxminən üçdə biri (31,8%) bu regionun payına düşür. Düzdür, Naxçıvanda yaradılan iqtisadi və gömrük rejimi əhaliyə əsasən yerli məhsullarla qidalanmağı diqtə edir, yəni seçim imkanı məhduddur. Amma nəzərə alsaq ki, 2012-ci ildə Azərbaycana elə də çox həcmdə kolbasa idxal edilməyib (660,3 ton), Naxçıvandakı istehsal həcminin mərkəzdəkindən fərqli olaraq həqiqətdən uzaq olmadığını etiraf etmək lazım gəlir.
NAR-da kolbasa məmulatı “MM kolbasa”, “Bərəkət kolbasa” və “Hilal kolbasa” markaları ilə istehsal olunur. Muxtar respulkikada olan mənbələrimiz məlumat verirlər ki, burada istehsal prosesinə nəzarət mərkəzdən daha yüksək səviyyədə təşkil olunub. Nəticədə alıcıların məhsula olan etibarı da artmaqdadır və bu, istehsal həcmlərinə də müsbət təsir göstərir. .
Bakı, Abşeron və digər regionlardakı istehsalçılar istehlakçıları əmin edirlər ki, məhsulları İslam dininın qida tələblərinə uyğundur və “Halal” standarlarına cavab verir. Lakin bu zaman sual olunur: 2009-cu ildə 862,3 ton (gömrük dəyəri - $607,8 min), 2010-cu ildə 715 ton ($809 min), 2012-ci ildə isə 777 ton ($851,1) donuz piyi ölkəyə nə məqsədlə gətirilib? Mütəxəssislər deyirlər ki, qida sənayesində donuz piyinin yeganə təyinatı kolbasa sənayesidir. Əlavə edə bilərik ki, donuz ətinin idxalı da yüksək rəqəmlərlə ölçülür (2012-ci ildə idxalın həcmi 415 ton olub). Bununla biz heç də eddia etmirik ki, alıcılara “halal” adı ilə donuz əti və ya piyi qatılmış kolbasa və sosiska satılır. Əslində bu rəqəmlər ölkədə faktiki istehsalın həcminə işiq salır.
İstehsal həcmlərinin gizlədilməsinə dəlalət edən başqa bir sübut kolbasa məmulatları istehsalı üçün tələb olunan, bərkidilmiş proteinlərdən və ya sellüloz materiallardan hazırlanan süni qabıqların idxal həcmlərinə dair məlumatdır. 2012-ci ildə ölkəyə 107,6 ton belə mal daxil olub ki, bundan da 4 000 ton deyil, daha çox kolbasa istehsal etmək mümkün olduğunu hesablamaq çətin deyil.
Rəsmi mənbələrə görə, Azərbaycanda bir ildə adambaşına 0,6 kq suda bişmiş kolbasa və 0,9 kq sosiska və sardelka yeyilir. Bu, ildə təxminən 14 min ton edir. Yuxarıda qeyd etdik ki, 2012-ci ildə yerli istehsal və idxalın ümumi həcmi 4,6 min ton təşkil edib. Beləliklə, elə rəsmi məlumatlar belə təsdiq edir ki, kolbasa və sosiska məhsullarının yergidən yayındırılan hissəsi təxminən 9,5 min tondur ki, bu da dəyər ifadəsilə 50 mln. manatı aşır. 08A
Rəy yaz