![Bərdədə hərbi hissənin qarşısında etiraz aksiyası](https://turan.az/resized/media/2019/main/100700022132-750-500-resize.webp)
Bərdədə hərbi hissənin qarşısında etiraz aksiyası
Bakı/07.10.19/Turan: "Tərtər işi" üzrə ölən və həbs olunan hərbçilərin qohumları bu gün Bərdədə Müdafiə Nazirliyinin qoşun hissəsinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları üzərində ölənlərin və həbs edilənlərin fotosu olan köynəklər geyiniblər.
Aksiya iştirakçıları baş vermiş hadisələrlə bağlı ədalətli araşdırma aparılmasını, həbsdə olan hərbçilərin azadlığa buraxılmasını tələb ediblər.
"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm? Onları əsgərliyə necə göndərəcəm? Uşaqlarım indidən deyirlər ki, atamızın qatilini tapacağıq. Ədalətli araşdırma tələb edirik", - aksiya iştirakçılarından biri deyib.
Onlar yaxınlarının ölümündə korpus komandiri Hikmət Həsənovu günahkar bilir.
Nümayişçilər bütün vəzifəli şəxslərin postdan kənarlaşdırılmasını və onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.
Aksiya iştirakçılarının qarşısına zabit çıxaraq hissə komandirinin onları qəbul edəcəyini vəd edib. Lakin etirazçılar vədlərə inanmadıqlarını bildiriblər.
Aksiya yerinə polis qüvvələri cəlb edilib. Etirazçıların bəzisinin halı pisləşib. Bundan sonra aksiya iştirakçıları dağılışıblar.
*Xatırladaq ki, 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətinin xeyrinə casusluqda ittiham ediblər.
Mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Yuxarıda sadalanan güc qurumlarının əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.
Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin tezliklə məlum olub ki, istintaq zamanı ən azı 8 şübhəli işgəncələrdən ölüb. Sonradan təkrar istintaq zamanı dörd mərhuma bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilədək azadlıqdan məhrum ediliblər.-21C-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz