militaryaerospace.com

militaryaerospace.com

Qanunverici bazanın durumu

2005-ci ildə Azərbaycan parlamentinin "İnformasiya əldə edilməsi haqqında" qanunu qəbul etməsini əksər nüfuzlu beynəlxalq qurumlar alqışlamışdılar. Həmin illər hökumətlərin açıqlığı, şəffaflığı təşəbbüslərinin populyarlaşdığı zamanlar idi. Azərbaycanda belə bir qanunun qəbulu diqqətdən kənarda qala bilməzdi. Bu qanunun tarixçəsi həm də onunla əlamətdar idi ki, onun layihəsini vətəndaş cəmiyyəti qurumları hazırlamışdılar. Avropa Şurası hökumətin özünün hazırladığını yox, məhz VC-nin təqdim etdiyi layihəni bəyənib, parlamentə tövsiyyə etmişdi. Deputatlar cüzi dəyişikliklərlə elə həmin layihəni bəyənib, qəbul etmişdilər.

Bu qanun o dövrdə hətta ATƏT, AŞ məkanına daxil olan ölkələrdəki ən yaxşı bilgi qanunlarından sayılırdı. Qanun bütün ictimai informasiyaların onlayn açıqlanması, informasiya sahibi sayılan bütün qurumların sayt yaratmaq qaydasını müəyyən edir, informasiya ombudsmanı təsisatının yaradılmasını, məhkəmə təminatlarını nəzərdə tuturdu.

Qanunun işə düşdüyün söyləyə bilmərik, həm də ən pisi qanun qəbuldan sonra çox ciddi dəyişikliklərə məruz qaldı. Ancaq qanunun tələblərindən doğan bir sıra addımların atılmasını görməzdən gəlmək olmaz. Yuxarı pillədə duran dövlət qurumlarının əksəriyyəti qanunvericiliyə uyğun olaraq, internet saytlarını yaratdılar. Ancaq qanunda açıq elan edilən bütün informasiyalar saytlara daxil edilmirdi, saytlar məzmunca xeyli kasad idi. İnformasiya sahiblərinin açıqlamaqdan yayındığı informasiya növləri arasında ilk pillədə isə büdcə, maliyyə bilgiləri dayanırdı. Bir neçə qurum - Vergilər, Rabitə nazirlikləri, Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası istisna olmaqla (onlar da belə bilgiləri tam həcmdə açıqlamırdılar), digər qurumlar büdcə bilgilərini gizli tuturdular. Bu yazıda elə büdcə bilgilərinin şəffaflığı ilə bağlı qanunvericiliyin tələblərinə necə əməl edilməsinə toxunulur.

"İnformasiya əldə edilməsi haqqında" qanun dövlət qurumlarının üzərinə büdcə, onun xərclənməsi ilə bağlı bilgiləri proaktiv açıqlamaq vəzifəsi qoyub. Öncə də qeyd etdiyimiz kimi qurumların əksəriyyəti bu vəzifənin icrasına davamlı olaraq, barmaqarası yanaşıblar. Qanun qurumlara "özün açıqla" desə də, belə bilgilər nəinki bu tələbə uyğun açıqlanıb, hətta büdcə bilgilərinin istənildiyi informasiya soğruları da cavablandırılmayıb. Məsələn, Media Hüququ İnstitutunun 2010-cu ildə 30, 2011-ci ildə 41, 2013-cü ildə 10 belə məzmunlu sorğusuna ya ümumiyyətlə cavab verilməyib, ya da istənilən bilgilərin verilməsindən imtina olunub.

Büdcə bilgilərinin qapalı tutulmasına məhkəmələr də dəstək veriblər. Media Hüququ İnstitutunun 2008-2014-cü illərdə apardığı 50-dən artıq məhkəmə işinin heç birində məhkəmələr sorğular vasitəsilə istənilən büdcə bilgilərinin açıqlanmasını təmin edə bilməyib.

Son 5 ildə bu növ informasiyaların açıqlanmasında pozitiv yox, əksinə neqativ tendensiya müşahidə edilib. 2018-ci ildə məhz büdcə, maliyyə bilgilərinin açıqlanması qaydası ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi bu tendensiyanın dəyişəcəyinə ümidlər yaratdı.

Maliyyə bilgilərinin açıqlığı - yeni tənzimləmələr

Azərbaycan parlamenti 2018-ci ilin iyununda "İnformasiya əldə etmək haqqında" qanunun 30-cu maddəsinə dəyişiklik etdi. Dəyişiklikdə yazılırdı ki, informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən verilən vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan məlumatların internetdə açıqlanması qaydasını Nazirlər Kabineti müəyyən edəcək. Bu dəyişiklik 2005-ci ildən bəri qanuna edilmiş 26-cı dəyişiklik idi. Dəyişikliyə qədər qanun qurumların üzərinə birbaşa vəzifə qoymuşdu ki, həmin informasiyaları öz saytlarına daxil etsinlər.

Qanuna edilmiş bu dəyişiklikdən 4 ay sonra, noyabrda Nazirlər Kabineti yeni qayda qəbul etdi - "Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması" Qaydası.

Bu qayda dövlət, habelə büdcədən pay alan başqa qurumların illik maliyyə fəaliyyəti haqqında bilgilərin onların saytlarında açıqlanmasının detallarına aydınlıq gətirir. Qayda büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin 30 faizi və ya daha artığı dövlətə məxsus olan qurumlara şamil edilir.

Qaydanın aid edildiyi qurumlar illik maliyyə fəaliyyətləri, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları öz internet saytlarına yerləşdirməlidirlər. Qurumlar bunu hesabat dövrü başa çatdıqdan sonra, sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq etməlidirlər.

Qurumlar qayda-qanuna necə əməl edirlər?

Aprelin 30-dan 2 həftədən çox vaxt ötüb. Bu qaydaya necə əməl edilməsini araşdırmaq üçün yüksək pillədə duran qurumların saytlarına göz gəzdiririk. Nəticələrə baxaq:

Sözügedən qaydanı qəbul etmiş Nazirlər Kabinetinin saytında ümumiyyətlə "hesabatlar"bölməsi yoxdur. Saytda "sənədlər" bölməsi var, ancaq həmin bölmə 3 - qərarlar, sərəncamlar və məktublar bölməsindən ibarətdir. Qurum maliyyə bilgilərini sayta daxil etməyib.

Monitorinq etdiyimiz növbəti sayt İnsan hüquqları üzrə müvəkkilin - Ombudsmanın saytıdır. "İnformasiya əldə edilməsi haqqında" qanunun icrasına nəzarəti məhz bu qurum həyata keçirir. Maliyyə bilgiləri sayta daxil edilməyib. Saytda "İnformasiya əldə edilməsi haqqında" qanunun təmin edilməsi adlanan bölmə var. Orda qanun və qanunla bağlı yaddaş kitabçasından başqa heç nə yoxdur. "Sənədlər və nəşrlər" bölməsində isə müvəkkilin yalnız 2018-ci ilıə üzrə fəaliyyət məruzəsi yerləşdirilib.

Monitorinq edilən digər 25 nazirliyin, dövlət komitəsinin, komissiyasının saytlarından yalnız 2-i aprelin 30-dək maliyyə hesabatlarının açıqlanması qaydasına əməl edib.

Bunlardan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) saytıdır. Saytda "Hesabatlar" alt-bölməsi var. Ancaq həmin bölməni tapmaq xeyli çətindir (azı 6-7 kliklə hesabatı əldə etmək mümkündür). "Hesabatlar" alt-bölməsi "Media" bölməsinin daxilindədir. NRYTN-nin Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun maliyyə hesabatı bu linkdədir -

http://mincom.gov.az/upload/files/fb94118506ebe8cd1a4627d9a2ca8f53.pdf. Bu hesabat sayta son gündə, aprelin 30-da daxil edilib. Sənəd məzmunca kasaddır, ora yalnız nazirliyə daxil olmuş və xərclənmiş vəsaitlərin ümumi məbləği ifadə olunan rəqəmlər daxil edilib.

Aprelin 30-dək maliyyə hesabatlarını hamının əli çatacağı yerə qoymaq tələbinə əməl edən digər qurum Hesabalama Palatasıdır. Palatanın bu sənədə çatım üçün yaratdığı imkanı Azərbaycan təcrübəsində nümunəvi hesab etmək olar. Cəmi 3-4 dəfə kliklməklə sənədə çatım mümkündür. Maliyyə hesabatı qurumun 2018-ci üzrə fəaliyyəti haqqında hesabatın daxilindədir. Bu, neqativ nüansdır. Çünki maliyyə bilgilərinin açıqlanmasının xüsusi qaydaya tabe etdirilməsi həmin bilgilərin ayrılıqda təqdim edilməsini zəruri edir. Hesabata keçid bu linkdədir - http://sai.gov.az/upload/files/HESABAT%202018-FINAL.pdf.

30-a qədər qurumdan yalnız 2-nin maliyyə bilgilərini açıqlamaq qaydasına əməl etməsi çox pis göstəricidir. Bəlkə də hansısa qurum maliyyə hesabatını saytına daxil edib, ancaq hesabatın hansı rəfə (bölməyə) qoyulması çox önəmlidir. Məntiqli axtarış zamanı 15-dən artıq klik etməklə hesabata çatım mümkün olmursa, bu,artıq bilginin gizli tutulması kimi dəyərləndirilməlidir.

Bilgilərə çatım rahatlığı ilə bağlı beynəlxalq təcrübə nə deyir? Bilgilərə çatım ən çoxu 5 kliklə mümkün olmalıdır. Bu, bilgilərə çatımın yüksək səviyyəsi sayılır. 5-10 klik orta rahatlıq sayılır. Bilgini əldə etmək üçün 15-dək klik tələb olunursa, bu, çatımın ən aşağı səviyyəsi hesab edilir. Daha artıq klik bilgilərin gizlədilməsi kimi qəbul olunur.

Nə etməli?

Öncə də vurğuladığımız kimi maliyyə bilgilərinin açıqlanması durumu yaxşı deyil. Bəs, nə etməli?

"Informasiya əldə edilməsi haqqında" qanunda nəzərdə tutulan bilgilərin qapalı tutulması inzibati məsuliyyət doğrurur. İnzibati Xətalar Məcəlləsi buna görə, cərimə cəzası nəzərdə tutur. İnformasiya sahibi "İnformasiya əldə etmək haqqında" qanunun tələblərini pozmağa görə, 100 manatdan 1500 manata qədər cərimə edilə bilər. Baxmayaraq ki, pozuntular göz önündədir, illərdir bunlar baş verir, İnzibati Xətalar Məcəlləsinin bu müddəası indiyə qədər bir dəfə də olsun tətbiq edilməyib. Açıqlıq səviyyəsini artırmaq üçün bu mexanizmlər işə salınmalıdır.

Şəffaflığın artırılmasında "Informasiya əldə edilməsi haqqında" qanunun icrasına nəzarət etməli olan qurumun - Ombudsman təsisatının rolu olduqca böyükdür.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" konstitusiya qanunu Ombudsmanın üzərinə vəzifə qoyub ki, ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsinə nəzarət etsin. Hazırkı durumda Oombudsman təsisatının vəzfisəsidir ki, maliyyə hesablarının sayta daxil edilməsini qurumalardan tələb etsin. Həm də bu çətin başa gələn məsələ də deyil. Çünki ictimai bilgi sahibi olan bütün qurumlarda maliyyə hesabatı var. Onlar bu sənədə hazırlayıb Maliyyə Nazirliyinə və Hesablama Palatasına onsuz da təqdim ediblər. Qalır həmin sənədi öz saytlarına daxil edib, ictimaiyyətə açıqlamaq...

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti