ston
Noyabrın 18-də AKP iqtidarının 18 ili tamam olacaq.Yaxından izlədiyim bu 18 ilin gündəmi dəyişdirmək üçün ən çox müraciət edilən jarqonu “çevriliş” olub. Və AKP iqtidarının tərəfdarlarını öz ətrafında konsolidə edə bildiyi ən təsirli kəlmə də məhz “çevriliş” idi, olmağa davam edir. Bunun belə demək mümkünsə “genetik” bir səbəbi var. Çünki 15 avqust 2001-ci ildə qurulan Adalet ve Kalkınma Partiyası iqtisadi böhranı və “çevriliş” jarqonunu fürsətə çevirərək təkbaşına iqtidara gəlmişdi.
”Çevriliş” deyəndə söhbət 28 fevral 1997-ci ildə prezident Süleyman Dəmirəlin sədrliyilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından gedir: ölkədə yüksələn dini təmayüllərin və güclənən təriqətlərin qabağını kəsmək üçün hökumətə tövsiyələr edilmiş, baş nazir Ərbakan o tövsiyələr əsasında müvafiq nazirliklərə təlimatlar göndərmişdi. Daha sonra bəzi nazirlərin istefa verməsi nəticəsində iyunun 28-də baş nazir Ərbakan da istefa ərizəsini prezidentə təqdim etmişdi.
İstanbulun bələdiyyə sədri Rəcəp Tayyip Ərdoğan həmin ilin dekabrında Siirt vilayətində oxuduğu dini məzmunlu bir şeirə görə istintaqa cəlb edilmiş, 1999-cu ilin martında vəzifəsindən azad edilərək 4 aylıq həbsə göndərilmişdi. Türkiyənin dinçiləri bu prosesləri daim “çevriliş” kimi xarakterizə etdi, siyasi islamçılar isə 1,5 illik prosesləri öz jarqonlarının əsas “metaforası” halına gətirərək bu günə qədər bundan əsla vaz keçmədilər.
Baş qərargahın keçmiş rəisi, ordu generalı Yaşar Büyükanıtın 27 aprel 2007-ci ildə yazdığı və qısa məzmunu “Xanımının başı örtülü olan prezident istəmirik” məzmunlu bəyanat da AKP-nin reytinqinin haradasa 2 dəfə yüksəlməsinə səbəb oldu: 22 iyul 2007-də keçirilən erkən seçkidə 47% səslə təkbaşına iqtidarı daha güclü şəkildə davam etdirdi.
FETÖ-nün 15 iyul 2016-cı ildəki çevriliş cəhdindən sonra ordunun tamamilə nəzarət altına alınaraq iqtidarın istədiyi şəkildə dizayn edilməsinə baxmayaraq, indi nəinki “çevriliş” kəlməsi hətta onunla assosiasiya yaradan istənilən kəlmə AKP-ni inanılmaz dərəcədə narahat edir. Örnək istəyirsinzsə, buyurun: ana müxalifətdəki CHP-nin parlament fraksiyası sədrinin müavini Özgür Özəlin “saray rejiminin sonu gəlir” (29 aprel) sözlərini unutmadan ikinci örnəyi görün: CHP İstanbul vilayət təşkilatının sədri Canan Kaftancıoğlunun “İqtidar bir yerə gedir. Bu da gələcəkdəki ya bir erkən seçkiylə, ya da başqa formada..” sözləri başda prezident Ərdoğan olmaqla iqtidarın yüksək kreslolarında oturanlar tərəfindən “çevrilişə çağırış” kimi xarakterizə edilir.
Dövlət başçısı ağzını açsın, tərəfdar mediaya da elə bu lazım deyilmi? Dövlətin qurucu partiyasının nə keçmişi qalır, nə bu günü, iqtidar nümayəndələri və tərəfdar media ana müxalifət partiyasını “çevrilişlərin gizli təşkilatçısı” olmaqdan tutun, ağlınıza gələn hər cür real və irreal ittihamlarla “yaş yuyub quru sərir”. Burada sezmək çətindir: Özəl və Kaftancıoğlu prezident sarayından da, tərəfdar mediadan da veriləcək reaksiyaları billdikləri halda o sözləri dedilər, yoxsa bilmədən yenə iqtidarın ən çox istədiyi pası ona verdilər?
Özəl də, Kaftancıoğlu da başda prezident Ərdoğan olmaqla, iqtidar tərəfindən veriləcək reaksiyaları bilməyəcək qədər naşı siyasətçilər deyillər. Elə isə o sözləri iqtidar cinahındakı həyəcanı, təlaşı toplumun gözləri önünə sərmək üçünmü dedilər? Elədirsə, iqtidar niyə ana müxalifət partiyasının bu tələsinə düşərək nəinki açıq söylənmiş bir söz, hətta bir eyham qarşısında belə bu qədər təlaşlandı? Tərəfdarları “çevriliş” eyhamına qarşı növbəti dəfə öz ətrafında konsolidə etmək üçünmü? Özəlin və Kaftancıoğlunun heç də “çevriliş qoxusu” gəlməyən o sözlərinə qarşı bu qədər təlaşlanmaq kimin faydasına oldu, olacaq: iqtidarın, yoxsa müxalifətin?
Bu hal 2005-ci ilin Azərbaycanını xatırlatdı: səhiyyə və iqtisadiyyat nazirləri “çevrilişə cəhd” təşəbbüsləriylə həbs edilmişdi. İstintaq prosesində görmüşdülər ki, bunlar müdafiə yox, səhiyyə və iqtisadiyyat nazirləridir, maddələr dəyişdirilərək “çevriliş” məsələsi ittihamnaməyə daxil edilməmişdi.
Keçən ilin yayında məhkəmə CHP İstanbul vilayət təşkilatının sədri Kaftancıoğluna bir neçə maddədən həbs cəzası verib, Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə lazımi etirazlar edilib. Kaftancıoğlu bu dəfə “çevrilişə eyham”dan həbs edilərmi?
“Bir millətin iki dövlət”i də eyhamdan həbsetmə nöqtəsinə çoxdan gəlib, bəlkə biri o mərhələni də keçib.
Bundan sonra növbə qaş-göz işarələrinə gəlirmi?
Mayis Əlizadə
Rəy yaz