president.az
Böyük Britaniyanın ixracat naziri Qrem Styuartın Bakıya səfərinin yekunları ASTNA-nın dumanlı Albionun Azərbaycanda iştirakını artıq yeni formada genişləndirmək planı barədə fevralda verdiyi proqnozu təsdiq edib.
1990-cı ildə Britaniyanın siyasi-iqtisadi flaqmanı olan BP şirkətinin Azərbaycana gəlişi Xəzərin neft-qaz resurslarının işlənməsi və nəqlinə əsaslanırdısa, bu gün Londonun məqsədi perspektivli yaşıl energetikanı, habelə Azərbaycanın perspektivli qeyri-neft sahələrini inkişaf etdirməkdir. Və son dövrlər Azərbaycan-Britaniya münasibətlərinin dinamikasından göründüyü kimi, 20-21-ci əsrlərin kəsişməsində Bakının Xəzər neftindən əldə olunan gəlirin Azərbaycan iqtisadiyyatına yatırılması barədə təklifi rədd etdiyi zaman bu istiqamətdə uğursuzluqdan fərqli olaraq, bu dəfə Azərbaycanda qeyri-neft layihələrinin irəli sürülməsi uğurlu olacaq.
Britaniyanın British Chamber of Commerce and Industry biznes palatasının nümayəndəliyinin açılışı Styuartın səfəri ilə eyni vaxta salınıb. Bu qeyri-dövlət qeyri-kommersiya təşkilatının vəzifələri biznes üçün əlverişli şərait yaratmaqdan, ticarətin bütün istiqamətlərinin, İngiltərə biznesmenlərinin digər ölkələrin sahibkarları ilə ticari-iqtisadi və elmi-texniki əlaqələrinin hərtərəfli inkişafına yardım etməkdən, habelə Böyük Britaniyanın dövlət qurumlarında və müxtəlif dünya birliklərində Palata üzvlərinin hüquqlarını müdafiə etməkdən və qanuni maraqlarını təmsil etməkdən ibarətdir. Məhz bu qurum, Londonun fikrincə, Azərbaycanda Britaniyanın yeni biznes maraqlarının təşviqinin lokomotivinə çevriləcək.
Styuartın missiyası əslində Britaniya XİN-in Avropa Qonşuluq məsələləri üzrı naziri Vendi Mortonun Azərbaycana fevral ayında baş tutan aryerqard səfərinin davamıdır. Morton Bakıda Azərbaycanın yaşıl energetikasını inkişaf etdirmək planlarından və erməni işğalından azad edilmiş ərazilər üzərində artıq suverenliyini bərpa etmiş Azərbaycanda islahatlar aparılması arzusundan bəhs etmişdi. Neft respublikasında Mortonun dediklərinə qulaq asılıb. Əliyev Britaniyaya Azərbaycanın ərazi bütövlüyünün bərpasında köməyinə görə təşəkkürünü bildirib.
Fevral analitikasında biz həmçinin Mortonun missiyasının bir vəzifəsinin də bu ilin noyabrında Şotlandiyada keçiriləcək İqlim dəyişikliklərinə həsr olunan Sammit çərçivəsində Əliyev-Bayden görüşünün təşkili haqqında vasitəçilik məsləhətləşmələri olduğu barədə təxmin irəli sürmüşdük. Bu mövzu mayın 20-də Britaniyada fəallığı ilə məşhur olan Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” vebinarı çərçivəsində öz inkişafını tapıb.
Əliyev bu ictimai meydandan üç mesajını Vaşinqtonun diqqətinə çatdırmaq üçün istifadə edib:
1. Azərbaycan Ermənistanla münasibətləri tam həcmdə bərpa etməyə hazırdır.
2. Azərbaycan ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal siyasətində maraqlıdır.
3. Azərbaycan ABŞ-la əvvəllər ənənəvi energetika və təhlükəsizlik üzərində qurulan münasibətlərini şaxələndirmək istəyir.
“Biz müdafiə sənayesi sahəsində də əməkdaşlıq edə bilərik”, deyə prezident İlham Əliyev bildirib.
Əliyevin Styuartla görüşündə və vebinarda səsləndirdiyi bəyanatları okeanın o biri tayına hazırki rejimin təkcə Azərbaycanın deyil, həm də dünya trendinin yeni reallıqları şəraitində əməkdaşlığa və münasibətləri inkişaf etdirməyə hazır olduğu barədə mesaj hesab etmək olar.
Azərbaycanda bu Britaniya günlərində tərəflər demokratiya və insan hüquqları məsələlərinə toxunmayıblar, baxmayaraq ki, fevralda Morton diplomatik şəkildə gender bərabərliyi barədə İstanbul Konvensiyasına qoşulmaq zərurətini xatırlatmışdı.
Amma Əliyevin Azərbaycan üçün aktual olan demokratiya və azadlıqlar məsələlərindən yan keçməsi çətin olacaq, belə ki, London və Vaşinqtonla müttəfiqlik münasibətləri qurulmasının uğurları onlara münasibətdən asılıdır. Bayden yanvarın 20-də inauqurasiya nitqində xarici siyasətinin anonsunu verib. Bu siyasət bütün dünyada demokratik ittifaqların bərpasını, Amerikanın dəyərlərinin və insan hüquqlarının müdafiəsini nəzərdə tutur. O, Demokratiya naminə Sammit keçirməyi vəd edib, tədbirdə bir sıra xarici ölkələrdə inkişaf edən korrupsiya və avtoritarizmə qarşı mübarizə elan olunması nəzərdə tutulur. Britaniya baş naziri Conson da bənzər ideyanı dilə gətirmişdi.
Bayden bu məsələdə ardıcıl davranıb və mayın 3-də Mətbuat Günü ilə əlaqədar jurnalistlərə hücumları və KİV azadlığını cilovlamaq cəhdini pisləyib.
Bu kontekstdə yalnız yaşıl energetika və qeyri-neft iqtisadiyyatı sahəsində atılan addımlarla yaxa qurtarmaq mümkün olmur. Əliyevin Qərb demokratiyasının bu mühüm dəyərlərindən yan keçməsinin təsirinin bu dəfə necə olacağını zaman göstərəcək. Lakin bu sahədə kursa düzəliş edilməsi Britaniya və ABŞ-la münasibətlərdə aktual və taleyüklü məsələ olaraq qalacaq.
Rəy yaz