Naxçıvanın başçısı Vasif Talıbov məmurlarla söhbət edir
Naxçıvan: Klan sisteminin sökülməsi
Naxçıvan Muxtar Respublikasında keçmiş də olsa, iki nazirin həbsi təkcə Azərbaycanda deyil, xaricdə də bir sıra suallar doğurub. Naxçıvan xüsusi bir bölgədir. Bu, təsadüfi deyil. Azərbaycandakı rejimin kökləri buraya gedib çıxır. Müstəqil Azərbaycanın, eləcə də sovet Azərbaycanının tarixi boyunca ölkənin hakimiyyət sistemində naxçıvanlılar ənənəvi olaraq mühüm rol oynayıblar.
Martın 9-da 17 il ərzində Naxçıvan polisinə rəhbərlik etmiş Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun və keçmiş təhsil naziri Məmməd Qəribovun həbs edildiyi məlum olub. Qəribovun nazirlik stajı o qədər də çox deyildi – 2016-2018-ci illəri əhatə edirdi. Prokurorluq adətən ona xas olan tərzdə gurultulu bəyanatlar verməyib, həbs faktını təsdiq etməklə kifayətlənib.
Naxçıvanda sonuncu dəfə nazir vəzifəsindəki məmur 2016-cı ildə həbs edilib. O, 15 il Naxçıvan çekistlərinə rəhbərlik etmiş keçmiş təhlükəsizlik naziri Vəli Əsgərov idi. Həbs edilmiş sabiq nazirə ilkin olaraq Cinayət Məcəlləsinin dövlət əmlakını mənimsəmə (179.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) və vəzifə səlahiyyətlərini aşma (309.1) maddələri ilə ittiham irəli sürülmüşdü. Sonradan telefon danışıqlarının qanunsuz dinlənilməsi barədə (308.2-ci maddə) yeni ittiham ortaya çıxıb. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Gördüyümüz kimi, həbsə maliyyə-iqtisadi təqsirlər səbəb olub, amma onun əsl səbəbi telefon danışıqlarının dinlənilməsində gizlənirdi. Yəni iş siyasi xarakterli idi. Orqanlarda dinləmə adi işdir və güc qurumlarının işçiləri buna görə həbs edilmir. Bu həbs dinlənilməməli olan yüksək vəzifəli şəxslərin dinlənildiyini göstərirdi.
Həmin vaxt bu işi Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun istefası və ev dustaqlığına məhkum edilməsi ilə əlaqələndirirdilər. Mahmudovla Əsgərov arasında sıx işgüzar və qeyri-işgüzar əlaqələr var idi. KİV Mahmudovun istefasına səbəb kimi ölkənin ali rəhbərliyinin icazəsiz dinlənilməsini göstərirdilər.
Azərbaycan tarixində dövlət idarəçiliyi sistemində üstünlük uğrunda hakimiyyətdaxili mübarizə faktları çoxdur. Və icra hakimiyyəti başçılarının, keçmiş və hazırki nazirlərin səs-küy yaradan son həbsləri hazırki rejimin səflərində bu problemin kəskinliyinə dəlalət edir.
Bu hadisələrin təsadüfən hakimiyyətin bütün eşelonlarında kadr dəyişiklikləri həyata keçirməsi ilə üst-üstə düşdüyünü demək olmaz. Bu dəyişikliklər Mehriban Əliyevanın birinci vitse-prezident təyin edildiyi andan etibarən geniş vüsət alıb. Kənardan göründüyü qədər, o, klan prinsipi ilə deyil, təhsil və ümumi işə şəxsi sədaqətin ilk plana çıxdığı tamamilə yeni koordinatlar sistemi üzrə kadr təmizliyi və dəyişiklikləri həyata keçirir.
İndiyədək Azərbaycanda bu təcrübə geniş şəkildə tətbiq edilirdi və Naxçıvandan bir qədər yan keçirdi. Görünür, artıq onun da növbəsi çatıb – muxtariyyət yeni, klansız münasibətlərə uyğunlaşdırılır, bunu bütünlükdə müsbət hal adlandırmaq olar, baxmayaraq ki, bu, ölkənin idarəçiliyinə qeyri-demokratik yanaşmanı çox az dəyişdirir.
Naxçıvanda son həbslərə klanlararası mübarizə nöqteyi-nəzərdən deyil, məhz bu prizmadan baxmaq olar. Hakimiyyət strukturunda naxçıvanlıların – hökumət başçısının, Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin, daxili işlər nazirinin, fövqəladə hallar nazirinin və digərlərinin güclü mövqeyinin qalması buna dəlalət edir. Baxmayaraq ki, vəziyyətə baxışda çox az insanın dilə gətirdiyi başqa yanaşmalar də ola bilər.
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz