haber7.com
Söhbət guya İstanbulu fəth edən kimi “Ayasofya” kilsəsini məscidə çevirən Fateh Sultan Mehmetin “Bu vəqfin statusunu dəyişdirənlər lənətə gəlsin” sözlərindən istifadə edən Dini Işlər Idarəsi vəqfi rəisinin cümə namazında Atatürkə lənət oxumasından gedirdi.
Tarixçi Murat Bardakçı daha əvvəl dəfələrlə “Ayasofya” vəfqi sənədində o sözlərin olmadığını açıqlasa da Dini İşlər İdarəsi rəisinin yenə o sözlərlə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü hədəfə aldığını hamı gördü, anladı.
Mustafa Kamal Atatürk dinlərə bərabər məsafə prinsipini əsas alaraq 24 noyabr 1934-cü ildə 10 əsr əvvəl kilsə kimi inşa edilib İstanbulun fəthindən sonra məscid kimi istifadə edilən bir tikilinin muzeyə çevrilməsini qərarlaşdırmışdı, siyasi islamçılar bir tərəfə, din işlərini dövlətdən ayırmaq üçün Atatürkün 1926-cı ildə yaratdığı Dini İşlər İdarəsi vəqfi rəisinin cümhuriyyətin qurucusunu lənətləməsi toplumdan çox sərt reaksiya görüncə rəis öz sözünü danmaqla qalmadı, cümə xütbəsinin o bölümü Dini İşlər İdarəsi vəqfinin İnternet saytından da çıxarıldı.
Siyasi partiyalar, QHT-lər öz yerində, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar məhkəmə qapılarının yolunu tutdular. Dövlət başçısı Ərdoğan səssiz qaldı, iqtidarın kiçik dəstəkçisi MHP bir tərəfdən Atatürkü müdafiə etdi, o biri tərəfdən, Dini İşlər İdarəsi vəqfinin rəisinə yiyə durdu. AKP-dən ayrılan iki partiya “namazın dövlət protokolu halına gətirilməsini” tənqid etdilər. Cümə namazına dəvət edilən ana müxalfətdəki Cümhuriyyət Xalq Partiyasının 2018-ci ildəki prezidentliyə namizədi Mühərrəm İncə də Dini İşlər İdarəsi vəqfinin rəisini məhkəməyə verdi. Dəvət, namaz, oradan da məhkəmə yəni...
İstanbul bələdiyyəsinə 23 iyun 2019-cu ildə keçirilən ikinci seçkidə müxalifət bloku namizədinin 810 min fərqlə qalib gəlməsini 31 martdakı seçkinin ümumi nəticələrini də hesaba qataraq “siyasi islamdakı ikinci tektonik sınma” şəklində xarakterizə etmişdik.
O vaxtdan keçən 13 ay ərzində “sınma”nın Türkiyə toplumuna nə qədər sirayət etdiyini görə bilmək üçün 24 iyuldakı “Ayasofya” namazından daha yaxşı lakmus kağızı yox imiş.
Namazda “Ayasofiya”nı məsciddən muzeyə çevirən Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkə edilən “lənət”in dalınca dövlət başçısının oğlu “ərəb əlifbasından vaz keçilməsinin səhv olmasını” gündəmə gətirib bunu da siyasi islamın “istiqraz xanəsi”nə yazmağı hədəfləsə də toplum bunu heç də ciddi qəbul etmədi.
Türkiyə siyasi islamının ən radikal “fikir bazası” olan “Akit” qəzetindən yüksələn “xilafət” səsi siyasi islamın özünü nə dərəcədə həyəcanlandırdı- deyəsən, dərdə dəyəcək qədər həyəcanlandırmadı ki, toplumsal əks-sədasını da ölçmək mümkün olmadı.
24 iyul namazında cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkə Dini İşlər İdarəsi vəqfinin rəisi tərəfindən edilən “lənət”i isə toplum onun özünə qaytardı. Türkiyə siyasi islamındakı tektonik sınmanın 13 ay sonrakı ölçümü siyasətin bu cinahındakı proseslərin ciddi “ərimə” mərhələsində olduğunu ortaya çıxardı.
Bunu iqtisadi problemlərin çox qısa müddətdə yenidən ölkənin əsas gündəmi halına gəlməsi faktı göstərdi. Yəni, 4 min il əvvəl yaranmış İslandiya saqalarında məşhur “Allah yoxdur. Bəs kələm varmı?” dialoqu Türkiyə siyasətinə 25 il yön vermiş dini duyğuların öz dominantlığını yenidən çörəyə (İslandiya saqalarında “kələm”ə olduğu kimi) tərk etdiyini gördük.
Əlbəttə, bu hal dini həssaslıqların siyasi islamın tədavülündən tamamilə çıxması mənasını daşımır, din siyasətə alət edildiyi müddətcə bu faktor da tədavüldə qalacaq. Söhbət 24 iyul namazının ortaya çıxardığı mənzərənin anatomik təhlilindən və o mənzərənin bizə sunduğu nəticədən gedir.
Elə isə gündəmin sürətlə “çörəyə” döndüyü vaxtda “xilafət və xəlifəlik” gündəmdədirmi?
Şübhəniz olmasın ki, gündəmdədir və olacaq. Çünki Türkiyə siyasi islamı üçün “xilafət və xəlifəlik” kateqorial bir anlayışdır və ən marginal hala düşsə belə ayaq üstündə qala bilmək üçün həmişə tədavüldə saxlanılacaq.
Mayis Əlizadə
Rəy yaz