northeastern.edu
Peşəkar iqtisadçıların hər zaman diqqətlərini çəkən məqam dünyanın nüfuzlu təşkilatlarının Hesabatları olur. Səhiyyə sistemi ilə bağlı təhlil pararkən diqqətimi ötən il Dünya Bankının hesabatı oldu. Dünya Bankının ötən il Azərbaycanla bağlı yayımladığı "Sağ qal, öyrən, inkişaf et" adlı hesabatda qeyd edilirdi ki, ölkədə tibb xərclərinin 78.6 faizi əhalinin öz vəsaiti hesabına maliyyələşdirilir. Bu dünyada inkişaf etmiş ölkələrlə müqayisədə faizlərlə deyil, dəfələrlə böyük fərqi ifadə edən rəqəmdir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu göstəricinin 20 faiz həddində olmasını tövsiyə edir.
Dünya Bankının bir neçə il öncə yayımlanan digər hesabatında da qeyd edilirdi ki, Azərbaycanda əhalinin ən çox gəlir əldə edən 10 faizlik əhali qrupu ilə ən az gəlir əldə edən 10 faizlik əhali qrupunun səhiyyə xərcləri arasında 8 dəfəyədək fərq var. Demək ölkəmizdə bir kiçik bir azlığın səhiyyə xərclərini maliyyəşdirmək üçün ifrat səviyyədə olan maliyyə imkanları olduğu halda kiçik bir azlıqda qalan qrupun isə səhiyyə xərclərinə çıxış imkanları olduqca məhdud səviyyədədir.
Sonra Azərbaycan hökumətinin rəsmi mənbələrinə diqqət edəndə görürük ki, böyük neft pulları daxil olandan sonra hələ səhiyyə xərclərimiz daha çox artıb. Neft pullarının əsasən 2003-cü ildən başlayaraq sürətlə artmasını nəzərə alaraq deyə bilərik ki, həmin ildən indiyə qədər büdcədən səhiyyəyə olan xərclər 12 dəfə artıb. Məhz bu artımdan sonra 2013-cü ildə səhiyyədən adambaşına düşən səhiyyə xərclərinin məbləği 95 dollar təşkil etmişdir. Lakin həmin ildən başlayaraq səhiyyə xərclərimizin artmasına baxmayaraq adambaşına xərclərdə geriləmələr olub. Azərbaycanda səhiyyə xərcləri 2003-2020-ci illər arasında nominal olaraq 25 dəfə artıb. Nəzərə alanda ki, 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradığına görə milli valyutamızın satınalma gücü xeyli zəifləyib. Bu isə adambaşına düşən səhiyyə xərclərinin dollarla ifadəsində Azərbaycanın mövqeyini xeyli aşağı salıb.
Gözlənilən orta ömür müddəti və səhiyyə xərcləri
Dünyada çoxlu sayda empirik tədqiqatlar sübut edib ki, insanın orta ömür müddəti ilə səhiyyə xərcləri arasında birbaşa müsbət bir əlaqə mövcuddur. Buna görədir ki, inkişaf etmiş ölkələrdə dövlət büdcəsindən səhiyyə xərclərini durmadan artırırlar. Super güc kimi tanıdığımız ABŞ 60-cı illərdə səhiyyə xərcləri ÜDM-nin tərkib hissəsində təxminən 4%-ə yaxın pay tuturdusa, hal hazırda bu göstərici 18%-ə yaxınlaşır. Bu da onu göstərir ki, 60 il ərzində ABŞ ÜDM-da səhiyyə xərcləri 4 dəfədən çox artmışdır. Dünya Səhiyyə Təşkilatının tələblərinə ölkədə səhiyyə xidmətlərinin vəziyyətinin heç olmasa normal səviyyədə olması üçün büdcədə səhiyyə xərcləri ÜDM-in 3%-dən az olmamalıdır. Son illərə qədər Azərbaycanda bu rəqəm 1-2% arasında dəyişirdi. Halbuki həyat davamlılığını artırmaq istəyiriksə, heç şübhəsiz ki, səhiyyə xərclərimizi artırmalıyıq. Dünyada bu yolla insanların orta ömür müddəti yüksəlir.
Tarixi ekskursiya edək... 1900-cu ildə orta ömür müddəti 37 yaş idi. İndi 70 yaşın üzərindədir. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) hesablamalarına görə 1960-ci illərdə doğum zamanı gözlənilən orta ömür müddəti 68,2 ikən, 2009-cu illərdə bu göstərici 79,5 il olmuşdur. Həyat standartlarının yaxşılaşması, daha yaxşı bir təhsil səviyyəsi və keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığı bu göstəricidə artım olmasına səbəb olan əsas faktorlardan sayılır.
Gözlənilən ömür müddətinin son 50 illik müddətdə artması əhali quruluşunu dəyişdirən faktordur. Bu dəyişiklik isə dünya üzrə əhalinin getdikcə yaşlanmağa başladığını göstərir. Xüsusilə 2000-ci illərin əvvəllərində 60 və daha yuxarı yaş əhali qrupunun toplam əhali strukturunda payı 18,7% ikən , 2025-ci ildə 25,3 % olacağı gözlənilir. Əhalinin getdikcə yaşlanması doğum faizlərinin aşağı düşməsi və orta ömür müddətinin uzanması ilə əlaqədardır. Buradan belə bir nəticə çıxır ki yaşlı əhalinin nisbi payının artması səhiyyə xdimətlərinə olan tələbi artıracaq və bu da səhiyyə xərclərinin yüksəlməsinə səbəb olacaqdır. Bu zaman biz Azərbaycan vəətndaşları üzərində demoqrafik analizlər aparnalıyıq ki, biz də əhalinin yaşlaşma səviyyəsi artacaq, yoxsa infaktdan, intihardan, sosial gərginliyə dözümsüzlükdən dünyalarını dəyişənlərin sayı daha çox artacaq?
Səhiyyə sisteminin qarşıdında duran suallardan ən əsası da bu kimi suallara cavab tapmaqdan ibarətdir. Hazır cavabları və “uğur” hekayələrini nəzərdə tutmuram. Hökuməti düşündürən, hədəflərə səsləyən və narahatedici suallara əməli cavab axtarmağı nəzərdə tuturam.
Məmməd Talıblı
Rəy yaz