Ekspert: �Universitetlər məcbur olub qiymətlərini endirəcəklər�

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarına dəyişiklik edilib. Bu barədə Nazirlər Kabinetinin 4 oktyabr tarixli qərarında deyilir. Qərara əsasən, bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisasları üzrə təhsil alanlara düşən təhsil xərci 1320 manatdan 1850 manata qaldırılıb.

Azərbaycan dili və ədəbiyyatı, dil və ədəbiyyat (dillər üzrə), xarici dil (dillər üzrə), riyaziyyat və informatika, riyaziyyat, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə), texnologiya, musiqi, tarix, tarix və coğrafiya, coğrafiya, informatika, təsviri incəsənət, ibtidai sinif, korreksiyaedici, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət və rəqs müəllimliyi ixtisasları üzrə hər bir təhsil alana düşən təhsil xərci 23 faizə qədər artırılaraq 1320 manatdan 1710 manata qaldırılıb.

Filologiya (dil və ədəbiyyat göstərilməklə), fəlsəfə, tərcümə (dillər üzrə), jurnalistika və kitabşünaslıq ixtisasları üzrə hər bir təhsil alana düşən təhsil xərci də 23 faizə qədər artırılaraq 1620 manatdan 2100 manata çatdırılıb.

Müalicə işi və hərbi həkim işi üzrə təhsil alana düşən xərc 5400 manat, tibbi profilaktika, əczaçılıq, stomatologiya fakültələrində təhsil alanlara düşən xərc isə 4800 manat səviyyəsində müəyyənləşdirilib.

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov bildirir ki, təhsil xərclərinin artması heç də gələcəkdə təhsil haqqının artması demək deyil. Ekspertin sözlərinə görə, ilk dəfədir ki, Nazirlər Kabineti hər universitet tələbəsi üçün lazım olan xərclərin miqdarını açıqlayır. "Həmin rəqəmlər bir tələbənin təhsil alması üçün il ərzində tələb olunan qiymətdir. Bura müəllimlərin əməkhaqqı (saat üzrə), laboratoriya və s. xərclər daxildir. K.Əsədov hesab edir ki, real xərclərin məbləğinin açıqlanması növbəti ildən etibarən bir çox ixtisaslar üzrə qiymətlərin endirilməsi ilə müşahidə olunacaq. "Dövlət bir nəfər üçün xərcini 1300-1500 manat civarında müəyyənləşdiribsə, universitet qiymətləri bu rəqəmdən maksimum 200 manat qaldıra bilər. Amma bu gün bir çox universitetlərdə təhsil haqlarının qiyməti 2800-2900 manatdır. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, universitetə planlaşdırılandan az tələbə qəbul olubsa, ali təhsil ocağı qiymətləri bir az qaldırmaqa məcburdur ki, zərərə düşməsin. Lakin bu yenə də indiki qiymətlər qədər olmamalıdır. Bir sözlə, Nazirlər Kabineti real xərcləri açıqlayandan sonra xərclərin çox olması səbəbindən Tibb Universitetindən xaric, digər universitetlər qiymətləri endirməyə məcbur olacaq".

2018/2019-cu tədris ili üçün fizika ixtisası üzrə təhsil haqqı 1800 manat, biologiya ixtisası üzrə 2100, kimya ixtisası üzrə 1900, kimya və biologiya müəllimliyi ixtisasları üzrə müvafiq olaraq 1800 və 2000 manat olsa da həmin ixtisaslar üzrə hər təhsil alanın xərci 1320 manat idi. Bu ildən etibarən təhsil xərci 1850 manata qaldırılıb.--0--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti