Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

***

Ərəstun bəy, son vaxtlar tez-tez hakimiyyət nümayəndələrinin dilindən yeni müxalifətə ehtiyac var” kimi fikirlər eşidirik. Sizcə, hakimiyyət yeni müxalifət dedikdə nə kimi müxalifətin ortaya çıxmasını arzu edir? Yeni müxalifət dedikdə nəyi nəzərdə tutur?

- Bu məsələ haqda mətbuatda çeşidli fikirlərlə rastlaşmaq olur və əksər hallarda da bunu bəsit olaraq “iqtidar yenilənirsə, müxalifət də yeni olmalıdır” formula şəklində ictimai rəyə yeritməyə çalışırlar. Amma buna heç bir halda siyasi yanaşma və ya siyasi dəyərləndirmə demək olmaz. Müxalifət siyasi sistemin mühüm institutu olaraq heç zaman iqtidar tərəfindən müəyyənləşdirilə, dəyişdirilə, təyin oluna bilməz. Müxalifət xalqın arasından ayrı-ayrı təşəbbüs qrupları və ya vətəndaş birlikləri şəklində yaranaraq həmçinin də elə hakimiyyətdən qoparaq mübarizəyə qatıla bilər, amma istənilən halda o, öz müxalifət statusunu xalqın hakimiyyətin siyasətindən narazı təbəqəsinin iradəsilə qazanır. Başqa sözlə, etirazçı elektoratın və ya onun bir hissəsinin hakimiyyətə alternativ siyasi qüvvə kimi görmədiyi, qəbul etmədiyi istənilən təşkilat, qurum, qrup və ya birlik özünü necə adlandırmasından asılı olmayaraq, heç vaxt müxalifət statusu qazana və onu ictimai rəydə möhkəmləndirə bilməz. Biz uzun illər ərzində ənənəvi müxalifətə alternativ olaraq konstruktiv müxalifətin yaradılması cəhdlərini müşahidə eləmişik, amma bu qurumlardan heç biri üzərinə qoyulan missiyanı yerinə yetirə bilmədi və bunu bacarmazdı da. Çünki belə bir əvəzləmə özü kökündən yanlışdır və deyərdim ki, ümumiyyətlə, qeyri-siyasi yanaşmadır. Media və qeyri-hökumət sektoru ilə bağlı atılan analoji addımlar da ümumilikdə nəticə verməsə də müxalifətlə müqayisədə cüzi də olsa uğur qazana bildi. Amma müxalifət mandatını dediyim kimi, xalqın etirazçı hissəsi verir, ona görə də həmin kəsimin istəklərini ifadə edə bilməyən, onun sözünü deyə bilməyən istənilən qurum uğursuzluğa məhkumdur. İndi hakimiyyətin tərkibi bir qədər əvvəlkindən fərqlidir və belə görünür ki, iqtidardakı yenilər öz yeni müxalifətini yaratmaq istəyir. Yəni, müxalifətə bir növ öz adamlarının tutmalı olduğu  müəyyən ştat vahidi kimi baxırlar ki, bunun da yuxarıda qeyd etdiyim kimi, siyasətlə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən də yeni situasiya hakimiyyətin vəziyyətini və ilk növbədə də onun dayanıqlılığını həssas etdiyindən ənənəvi müxalifətin insanları mübarizəyə səfərbər edə bilmək ehtimalı narahatlıq doğurur ki, bunun da ən asan yolunu ənənəvi müxalifəti də işdən çıxarıb yerinə sözəbaxan və daha zəif yeni müxalifət təyin etməkdə görürlər. Bunu bir növ zarafat kimi də qəbul edə bilərsiniz, əlbəttə, çünki belə mövzuda hansısa ciddi fikirlər söyləmək mümkün deyil.

Köhnə müxalifət niyə hakimiyyəti qane etmir?

- Etiraf edim ki, bununla bağlı mənim də xeyli suallarım var, odur ki, sizinlə ancaq öz mülahizə və təxminlərimi bölüşə bilərəm, çünki məntiqlə bugünkü müxalifət hakimiyyəti tam qane etməlidir. Hazırki iqtidar 27-ci ildir ki, hakimiyyətdədir və həmin dövrdə müxalifət cəmi bir dəfə ona ciddi rəqabət təşkil edə bilib, – 2003-cü ilin prezident seçkilərində - onda da məğlub olub. 3 dəfə prezident seçkilərini boykot edib, parlament seçkilərində isə səhv eləmirəmsə cəmi 2 dəfə birləşmiş müxalifət formatında iştirak edib. Qalan bütün hallarda müxalifət öz nominal mövcudluğunu qoruyub saxlamaqla məşğul olub ki, bunun da həm obyektiv, həm də subyektiv səbəbləri olub və var. Həmin  müddətdə müxalifət daim hakimiyyətin basqısı altında olduğundan, onun rəhbərlərindən tutmuş, sıravi üzvlərinədək hər kəs davamlı təqiblərə məruz qaldığından, ölkədə hüquq və azadlıqlar davamlı şəkildə məhdudlaşdırıldığından və ən əsası da iqtisadi bazadan məhrum edildiyindən ondan çox şey gözləməyə də dəyməzdi. Bundan başqa siyasi sistemin mühüm institutları olan medianın və qeyri-hökumət təşkilatlarının sıradan çıxarılaraq hakimiyyətə loyal olan qurumlarla əvəzlənməsi də bu işə öz təsirini göstərib. Amma bunu da qeyd etməliyəm ki, müxalifət partiyaları da mövcud reallığa uyğun mübarizə strategiyası və taktikası müəyyənləşdirə bilmədiyindən öz vəziyyətini bir qədər də ağırlaşdıraraq bugünkü böhran durumuna gəlib çıxıblar. Çünki onlar yeni mübarizə formaları axtarmaqdansa sanki mübarizə müstəvisini dəyişərək müxalifətdaxili çəkişmələrə meylləniblər ki, burada da əvvəla, müxalifət faktiki olaraq oyundankənar vəziyyətə düşüb, ikincisi də qarşılıqlı ağır ittihamlar irəli sürməklə özünü nüfuzdan salıb. Nəticədə də müxalifət öz sosial bazasını parçalamaqla yanaşı, həm də cəmiyyətdəki dayaqlarını itirib. Bu da məntiqi nəticədir, çünki müxalifətdaxili çəkişmə və ittihamları görən  protest elektoratı tədricən müxalifətdən üz döndərməli idi ki, bu da baş verdı. Bu gün Azərbaycan müxalifətinin cəmiyyətdəki etirazçı kəsimi səfərbər etmək və mübarizəyə cəlb etmək üçün nə yetərincə nüfuzu, nə də resursları var. Ən başlıcası da uzunmüddətli  qarşılıqlı ağır ittihamlar cəmiyyətdə ona olan etimadı ciddi şəkildə zədələyib. Buradan da belə qənaətə gəlmək olar ki, indiki müxalifət hakimiyyət üçün həm də ona görə ən münasib rəqibdir ki, hakimiyyət onun fərqli ictimai-siyasi situasiyalarda nəinki ata biləcəyi bütün addımları proqnozlaşdıra, hətta davranışına da təsir edə bilər. Biz dəfələrlə belə manipulyasiyaların və onların uğurlu nəticələrinin şahidi olmuşuq. Odur ki, ilk baxışdan yuxarıda qeyd etdiyim kimi, bugünkü müxalifət hakimiyyət üçün ideal rəqibdir, amma burada incə bir məqam var. Bu məqam yuxarıda qeyd etdiyim kimi, birbaşa hakimiyyətin özündə baş verən dəyişikliklərlə bağlıdır. Əliyev hakimiyyətinin uzun illər boyu müxalifətə dair siyasətini yürütmüş məmurlar bu gün artıq hakim komandada deyil və təbii ki, onların da bir çoxu mövcud durumdan narazıdır. Deməli, artıq güclü latent müxalifət də var ki, o da ənənəvi müxalifəti çox yaxşı tanıdığından, istisna eləmirəm ki, hətta onun bir hissəsilə müəyyən münasibətlərdə olduğundan qısa zamanda onunla birləşə və hakimiyyətə qarşı vahid cəbhə aça bilər. Görünür, elə bu səbəbdən də İlham Əliyev son dövrlər faktiki olaraq bütün çıxışlarında müxalifəti kəskin tənqid, bəzən isə ağır ifadələrlə təhqir edir.

Köhnə müxalifət dedikdə hakimiyyətin adlandırdığı radikal müxalifət və ya konstruktiv müxalifət var. Yəni, buna el arasında sonuncuya “cib müxalifəti” də deyirlər. Belə çıxır ki, bunlar da hakimiyyəti qane etmir?

- Əminəm ki, hər ikisi qane etmir, çünki dediyim kimi, hakimiyyətdə olarkən onlarla iş aparmış siyasi komanda, bu gün ən yaxşı halda artıq yoxdur, ən pis halda isə latent müxalifət mövqeyindədir. Görünür, hakim dairələrdə konstruktiv müxalifətin keçmiş komanda üzvləri ilə sıx əlaqələrinin olmasını nəzərə alırlar və  bunu potensial təhdid kimi görürlər. Bu səbəbdən onlar da hakimiyyəti qane etmirlər.

Ümumiyyətlə, sanki hakimiyyət cəmiyyətə yeni siyasi prosesi başlatmaq istəyi ilə bağlı mesajlar ötürmək istəyir. İslahatlarla ayaqlaşmağı bacarmayan parlament, gənc kadrlar, yeni fikirli insanlar, yeni müxalifət və s. Amma nəticədə görünən odur ki, mahiyyətdə heç nə dəyişmir. Yəni, ən azından bunu  bələdiyyə seçkiləri sonrası və ya parlament seçkiləri öncəsi görmək mümkündür. Bələdiyyə seçkilərində gənc fəalların seçilməsinə şərait yaradılmadı, parlament seçkisi öncəsi hakim partiyadan deputat olmuş şəxslərin əksəriyyəti yenə deputatlığa namizəddir. Və ya müstəqil və müxalif şəxslərin əksəriyyətinin namizəd olmasına əngəllər yaradılır. Əgər heç nə dəyişməyəcəkdisə, bu addımlar nəyə lazım idi?

- Razıyam ki, mahiyyətcə heç nə dəyişmir və indiki mürəkkəb situasiyada dəyişə də bilməz. Bunun da bir qədər əvvəlki dövrdə olduğundan bir qədər daha çox səbəbləri var. Əvvəla, ötürülən hər gün ölkəni islahatların uğurla nətcələnəcəyi ehtimalından daha da uzaqlaşdırır və deməli, islahatların yarada biləcəyi riskləri də artırır. İkincisi, dünən islahatların yarada biləcəyi fəsadlar (islahatlar isə ilkin mərhələdə bunlardan sığortalanmır) hakimiyyətə qarşı müxalifət tərəfindən istifadə oluna bilərdisə, sabah bundan siyasi mövqelərini itirmiş, amma hələlik böyük iqtisadi və maliyyə resurslarına sahib olan oliqarxiya da faydalana bilər. Digər tərəfdən, ölkənin yerləşdiyi coğrafiyadakı mürəkkəb və hələlik qeyri-müəyyən geosiyasi durum da buna öz neqativ təsirini göstərə bilər. Başqa təsir edə biləcək amillər də var, amma düşünürəm ki, sadaladıqlarım kifayət edir. Belə olduqda hakimiyyətin islahatları imitasiya eləməkdən başqa seçimi qalmır. Bunlar obyektiv səbəblərdir, amma xeyli subyektiv amillər də var ki, onların da aradan qaldırılması siyasi iradə tələb edir. Məsələn, hakimiyyət rəsmiləri ölkədəki sosial-iqtisadi vəziyyətin yaxşı olması və əhalinin rifahının gün-gündən yüksəlməsi haqda əsassız bəyanatlar verməklə cəmiyyətdəki sosial gərginliyi bir qədər də artırırlar ki, bu da hakimiyyətə olan-qalan inam və ümidləri də puç edir, insanların qəzəbini artırır, onları radikallaşdırır. Belə görünür ki, dövlət rəhbərliyində neqativ tutumlu informasiyalar birmənalı qəbul edilmir və ona görə də hakimiyyət reallıqdan uzaqlaşmaq yolunu davam etdirir. Amma bu yolun da müəyyən bir sonu var və bu cür yanaşma onu zamanında görməyə imkan vermir. Ona görə də hakimiyyət indi iki, deyərdim ki, eyni dərəcədə risk yükü daşıyan seçim qarşısındadır: islahatlara başlamaq və ya onları imitasiya eləmək. Görünən də budur ki, hakimiyyət ikincini seçib və qeyd etdiyiniz seçkilərlə bağlı baş verənlər də bu seçimin təzahürləridir.

Parlament seçkilərinin nəticəsində fərqli nəsə görmək mümkün olacaq?

- Fərqli nələrsə olacaq, əlbəttə, amma onların mahiyyətcə fərqli və müsbət istiqamətdə olacağı inandırıcı görünmür. Bu gün baş verənlər bunu yüksək əminliklə deməyə imkan verir. Atılan bütün addımlar yalnız hakimiyyətin möhkəmləndirilməsinə yönəlib ki, onlar da yalnız qısa vadəli effektiv ola bilər. Uzunmüddətli sabitlik əsaslı dəyişikliklər, rasional yanaşmalar tələb edir ki, onların da olacağının əlamətləri görünmür.

-Yeri gəlmişkən, yeni müxalifət fikirləri ilə yanaşı ictimaiyyət arasında tezliklə yeni hakimiyyətyönlü partiyanın ortaya çıxacağı ilə bağlı fikirlər də dolaşır. Sizcə, bu, nə dərəcədə real fikirlərdir? Və bu reallaşarsa, bu yeni partiyanın yaranmasında məqsəd nə ola bilər? Belə çıxır ki, hakim partiya və digər hakimiyyətyönlü partiyalar da bu hakimiyyəti və ya konkret hakimiyyətdə təmsil olunan şəxslərdən kimləri isə qane etmir?

- Bu gün bütün dəyişiklikləri Mehriban Əliyevanın adı ilə bağlayır, onun prezident olması üçün hazırlıq kimi qiymətləndirirlər. Məncə, hər şey bu qədər sadə deyil və ən azı yaxın zaman üçün əsas məqsəd də bu deyil. Bu gün əsas məqsəd vaxt udmaq, sabitliyi təmin etmək, hakimiyyəti qoruyub saxlamaqdır və mümkün qədər möhkəmləndirməkdir. Odur ki, bu və digər azı iki səbəbdən bu istiqamətdə addımlar atılacağı inandırıcı görünmür. Birincisi, yeni partiya yaratmaq üçün siyasi idarəçilik təcrübəsi və bilgiləri olan çoxsaylı kadr potensialı yoxdur. İkincisi, bu halda YAP-ın da böyük bir hissəsi açıq və ya qapalı şəkildə hakimiyyətə qarşı çıxa bilər. Bu partiyanın orta rəhbər təbəqəsi isə ölkədə ən dağıdıcı potensiala malik olan zümrədir və üstəlik  həm geniş şəbəkəyə, həm də böyük iqtisadi imkanlara malikdir. Müsahibə boyu sadaladığım riskyaradıcı amillər artıq kifayət edir ki, İlham Əliyev yeni cəbhə açmaqdansa hələlik YAP-a söykənsin. Onu da sıradan çıxarmaq və ya gələcəyi hələ məlum olmayan hansısa yeni qurumla əvəzləmək indi atıla biləcək ən yanlış addım ola bilərdi. Odur ki, belə bir addımın yaxın zamanlarda atılacağı inandırıcı görünmür.Yəqin ki, partiyanın rəhbərliyində müəyyən yeniləşmə cəhdləri olacaq, amma onların da daxili müqavimət və sabotajla üzləşəcəyi istisna deyil.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti