Conflict in Dmanisi May 16-17.

Conflict in Dmanisi May 16-17.

2014-cü ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə, 233 024 Gürcüstan azərbaycanlısından 177 032 nəfəri (41,75%) Kvemo-Kartlidə yaşayırdı. Marneuli (83,8%), Dmanisi (65,5%), Bolnisi (63,4%) bələdiyyələrində azərbaycanlılar Gürcüstan əhalisinin 6,5%-ni təşkil edir və hazırda oradakı icmalardan ən böyüyü azərbaycanlı icmasıdır. 1980-ci illərdə müəyyən gərginliyə baxmayaraq, iş heç vaxt silahlı münaqişəyə qədər gedib çatmamışdı. 1991-ci ildə müstəqillik elan edildikdən sonra bir çox azərbaycanlı qarşısında Gürcüstan cəmiyyətinə inteqrasiya problemi yaranıb, amma kənd əhalisinin əksəriyyəti rəsmi dildə danışmır, bu da azərbaycanlıların bir çox sosial sahələrdə və siyasətdə iştirakını çətinləşdirir.

2005-ci ildə Azərbaycan icmasının nümayəndələri ombudsmanla görüşdə vətəndaşların hüquqlarının pozulduğunu, xüsusən, polisin əhaliyə qarşı odlu silahdan istifadə etdiyini, gömrük məntəqələrində insan ləyaqətinin alçaldıldığını, dövlət orqanlarının azərbaycanlılara məhəl qoymadıqlarını bildiriblər. “Tolerance” cəmiyyəti Gürcüstanın Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasını yerinə yetirməsi haqqında alternativ məruzəsində Azərbaycan məktəblərinin sayının kəskin şəkildə azaldığını və onlara Azərbaycan dilini bilməyən direktorlar təyin edildiyini bildirib. Milli Azlıqların İşləri üzrə Avropa Mərkəzinin 2009-cu il tarixli məruzəsində qeyd edilirdi ki, Şevardnadzenin hakimiyyəti dövründə (1995-2003) Kvemo-Kartlidə bütün rayon başçıları gürcülər olub (Cavaxetidən fərqli olaraq, burada bu vəzifələri ermənilər tutub). Rayon səviyyəsində, demək olar ki, bütün digər yüksək vəzifələri də gürcülər tutub. Torpağın böyük hissəsi yerli administrasiyanın rəhbərliyi ilə yaxın əlaqələr prinsipi ilə icarəyə verilib.

Eyni zamanda qeyd edilirdi ki, azərbaycanlılar özləri gürcü dilinin gündə bir saat keçilməsini, əlavə kurslar, çoxdilli məktəblər açılmasını və s. təklif edənə qədər təhsil Azərbaycan dilində olan məktəblərdə gürcü dili həftədə bir dəfə tədris olunurdu. Vəziyyətdə məlum dəyişikliklər azərbaycanlıların əksəriyyətinin həmişə seçicisi olduğu M.Saakaşvilinin gəlişi ilə başlayıb.

Svanlar öz dillərində danışırlar və 1926-cı ildə əhalinin siyahıya alınması zamanı ayrıca xalq hesab olunurdular, amma sonrakı siyahıyaalmalarda gürcülərin tərkibinə daxil ediliblər. Svanetiyada əhalinin sayı müxtəlif qiymətləndirmələrə görə 14 000 nəfərdən 30 000 nəfərə qədər təşkil edir. Svanlar Gürcü Pravoslav Kilsəsinə tabedirlər və öz dilləri ilə birlikdə gürcü dilini də bilirlər.

Onların Kvemo-Kartli regionuna köçürülməsi (2500 ailə) tarixi 1987-ci ildə ay yarım fasiləsiz qar yağması və qar uçqunları ilə bağlıdır.

“1981-ci ildən bu günə qədər (2006) dövlətin yerləşdirmə proqramı çərçivəsində, əsasən yüksək dağlıq Acarıstan və Svanetiya regionlarından təxminən 11000 ailə (təqribən 60 000 nəfər) köçürülüb. Bu dövr ərzində onların doğma yurdlarında əhalinin sayının həddindən artıq çox olması və yerin az olması ilə əlaqədar, əsasən Acarıstandan sayı müəyyən edilməyən miqrantlar özləri Gürcüstanın müxtəlif guşələrinə köçüblər. 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində ekoloji mühacirləri qəbul edən əsas regionlar Kaxeti, İmereti, Meqreliya, Şida Kartli, Quriya, Samtsxe və Cavaxetiya olub. Sonradan, 1990-cı illərin ikinci yarısında miqrantları əsasən Kvemo-Kartli qəbul edib” – Qaçqınların İşləri və Köçürülmə üzrə Nazirliyin 2006-cı il üçün illik hesabatı.

KİV-lərin məlumatına görə, Dmanisidə (1947-ci ilə qədər Başkeçid adlanırdı) iki gündür (16.05.21-ci il tarixindən etibarən) iğtişaşlar davam edir və azərbaycanlılar və gürcülər arasında qarşıdurma baş verir.

Dmanisidə etnik azərbaycanlılar və Svanetiyadan olan mühacirlər arasında beysbol çubuqlarından və əl altında olan digər vasitələrdən istifadə ilə qanlı döyüşə çevrilən münaqişə azərbaycanlı mağaza sahibinin svanlara nisyə pivə verməkdən imtina etməsindən sonra başlayıb. Buna cavabda svanlar ona hücum ediblər və mağazanı talan ediblər. Digər bənzər versiyaya görə, qarşıdurmaya yerli ərzaq mağazalarından birinin satıcısının gənclərə nisyə spirtli içki verməkdən imtina etməsi səbəb olub. Qadının sözlərinə görə, narazı alıcılar ona senzuradankənar söyüşlər yağdırıblar, qızını qorumağa çalışan atasının isə başına vurublar. Bazar ertəsi səhər saatlarından etibarən bütün şəhərdə iğtişaşlar başlayıb və bu hadisələrdə yüzlərlə insan iştirak edib. Azərbaycanlılar səhər saatlarından üzr istənilməsi və dava salan və mağazanı talan edən şəxslərin cəzalandırılması tələbi ilə küçələrə çıxıblar. Dəyənəklərlə silahlanmış gənclərin bir hissəsi svanların evlərini talan etməklə hədələyiblər.

Polis artıq münaqişə iştirakçılarının şəxsiyyətlərini müəyyən edib. Demək olar ki, bütün gecə boyunca münaqişə iştirakçıları yerli polis bölməsində dindirilib. Faktla bağlı şiddət maddəsi ilə istintaq aparılır. Aksiya iştirakçıları yerli polis bölməsinin binası qarşısında toplaşıblar və iğtişaşlar zamanı saxlanılan həmvətənlərinin azad edilməsini tələb edirlər. Kvemo-Kartli qubernatoru Dmanisiyə gəlib.

Hadisəni məişət münaqişəsi hesab edən deputat Qogi Meşveliani baş verənləri siyasiləşdirməməyə çağırıb. Müxalif “Aqmaşenebeli strategiyası” partiyasının lideri Georgi Vaşadze isə polisdən vaxtında tədbir görməyi və tərəflərin barışması və münaqişənin dinc yolla həlli üçün operativ şəkildə hərəkət etməyi tələb edir. G.Vaşadze ölənin öz əhalisinə qarşı biganəlik yolverilməz olduğunu qeyd edib və qarşıdurma tərəflərini “münaqişənin yerlərdə süni şəkildə etnik qarşıdurmaya çevrilməsinə yol verməmək üçün” sakitliyi qoruyub saxlamağa çağırıb. Parlamentin prosedur məsələləri komitəsinin sədri İrakli Kadagişvili hesab edir ki, milliyyətindən asılı olmayaraq, Dmanisidəki qarşıdurmanın bütün iştirakçılarına qarşı qanun ciddi şəkildə tətbiq edilməlidir, belə ki, bu halda iştirakçıların hamısı Gürcüstan vətəndaşlarıdır.

Bundan sonra hadisələr necə inkişaf edərsə etsin, aydındır ki, hələlik onların səbəbləri tam müəyyən edilməyib.

Hələ münaqişədən əvvəl Gürcüstanın məşhur “Saertoqazeti” (“Ümumi qəzet”) qəzetində Elbrus Məmmədovun Azərbaycan-Gürcüstan münasibətlərinin təhlilinə və onlara mane olan qüvvələrin üzə çıxarılmasına həsr edilmiş “Gürcüstanda kim və necə Gürcüstanın maraqlarının əleyhinə işləyir” (30.04.21) sərlövhəli məqaləsi dərc edilmişdi.

Xüsusən, müəllif hansı qüvvələrin ucuz təxribatlarla iki ölkə arasında ədavət salmağa və açıq-aşkar xarici iştirakla üçtərəfli regional Tbilisi-Bakı-Ankara tərəfdaşlığını pozmağa çalışdığı mövzusunu təhlil edir.

Müəllifin sözlərinə görə, hər şey – Gürcüstanda David Qareci, Azərbaycanda isə Keşikçidağ adlandırılan monastırla bağlı spekulyasiyalar, azərbaycanlıların sıx şəkildə yaşadıqları Kvemo-Kartlidə vəziyyət, açıq-aşkar spekulyasiyalar və yalan məlumatlar işə salınır. Məsələn, Şalva Natelaşvilinin Leyborist Partiyasının məşğul olduğu açıq təxribatlar – monastıra “yürüş”, təhqiramiz şüarlar, Azərbaycan sərhədçilərinə qarşı “zorakılıq”. Və ya “Gürcüstan vətənpərvərləri alyansı” partiyasının mitinqləri, Azərbaycanı “işğalçı ölkə” adlandırması. “Gürcüstan marşı” – neonasist təşkilat müntəzəm olaraq Gürcüstanda Azərbaycan əleyhinə təxribatlar törədir, Transparency İnternational-ın Gürcüstan şöbəsinin əməkdaşlarının müəyyən etdiyinə görə, Rusiyadan maliyyə dəstəyi alır, buna görə onların aksiyaları açıq-aşkar məhz “Rusiya” gündəliyinə uyğunlaşdırılır. Rəsmi Tbilisidən ultimatum tonu ilə NATO və Avropa İttifaqı ilə inteqrasiya prosesini dayandırmağı və Rusiya ilə münasibətləri bərpa etməyi tələb edən “Gürcüstan vətənpərvərləri alyansı”nın səyləri nümunə ola bilər. Müəllif qeyd edir ki, Azərbaycan əleyhinə aksiyalarda Gürcüstanda fəaliyyət göstərən Rusiya qurumları – Primakov Fondu və RF XİN tərəfindən rəsmi olaraq tənqid edilən Qorçakov Fondu ilə sıx əməkdaşlıq edən partiyalar, hərəkatlar və KİV-lər xüsusi fəallıq nümayiş etdirir. Fikirlərinə yekun vuran E.Məmmədov yazır: “Bu isə artıq Gürcüstan auditoriyasının barəsində düşünməli olduğu məlumat olmalıdır. Tbilisidə Azərbaycana qarşı yönəlmiş saxta “xora” kimin dirijorluq etdiyini və musiqini kimin sifariş verdiyini bilmək və başa düşmək üçün”.

Həqiqətən də, çox vaxt münaqişələrdən xarici qüvvələr öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər, buna görə istənilən münaqişəni lokallaşdırmaq, regional və beynəlxalq problemə çevrilməsinə imkan verməmək həddindən artıq vacibdir. Və burada hər bir dövlət öz fəaliyyətində böyük ardıcıllıq və şəffaflıq nümayiş etdirməlidir. Bu zaman cəmiyyətlə, xüsusən, onun mütəşəkkil vətəndaş sektoru ilə birbaşa dialoqdan qaçmamaq lazımdır. Axı cəmiyyətin vəziyyəti, problemləri haqqında ən dərin araşdırmalar məhz bu mühitdə ortaya çıxır. Aşağıdakı material bunu təsdiq edir, məmurlar təxminən 15 il əvvəl buna diqqət yetirə bilərdi:

Kvemo-Kartlinin və Samtsxe-Cavaxetiyanın – qeyri-gürcü milliyyətlərin sıx şəkildə məskunlaşdığı bölgələrin ekoloji miqrantları və yerli əhalisi arasında münasibətlər haqqında. Samtsxe-Cavaxetiyada – xüsusən Cavaxetiya regionunda (Axalkalaki və Ninotsmindski rayonları) əsasən ermənilər məskunlaşıb. “Kvemo-Kartlinin üç rayonunda (Marneuli, Dmanisi və Bolnisi) azərbaycanlı əhali üstünlük təşkil edir, Tsalka rayonunda isə ermənilər, gürcülər və yunanlar məskunlaşıb. Milli azlıqların sıx şəkildə yaşadıqları regionlarda miqrantlar dalğası çox vaxt gərginlik yaradır. Yerli ənənələrlə tanış olmayan mühacirlər çox vaxt ciddi problemlərlə üzləşirlər, yeni məskunlaşanlara qarşı etimadsızlıq və şübhə hissi yaranır. Müvafiq olaraq, yerlilər və gəlmələr arasında gərgin münasibətlər formalaşır” – Tom Trierin, Medei Turaşvilinin materialları əsasında. Ekoloji səbəblərdən köçürülmüş şəxslərin yerləşdirilməsi: mövcud problemlərin həlli, ya yeni problemlərin yaradılması? Gürcüstanda 1981-2006-cı illərdə ekomiqrasiya, Tbilisi, 2007, s. 6.

Bir daha təkrar edək: Dmanisidə bugünki qarşıdurmanı işıqlandırarkən başa düşməliyik ki, etnoslararası münasibətlər istənilən çoxmillətli dövlətin daimi problemidir, ölkənin özündə bu barədə yazmağı sevmirlər, buna görə də elm, siyasət və KİV-i təmsil edən çox sayda xarici oyunçu bu problemlə həvəslə məşğul olur.

 

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti