Фото из открытых  источников

Фото из открытых источников

2017-ci ilin sonu İranda mollaların hakimiyyətdə olduğu 40 il ərzində rejim əleyhinə paytaxtı və ölkənin bir sıra şəhərlərini əhatə edən misli görünməmiş etirazlarla yadda qaldı. 2009-cu ildə etirazlar daha geniş olub, amma onlar prezident seçkilərinin nəticələrinə reaksiya idi, müxalifət mövcud prezident-konservator Mahmud Əhmədinecatın qələbəsini qəbul etməkdən imtina edirdi, hakimiyyəti saxtakarlıqda ittiham edirdi. Əlbəttə, bu, İran cəmiyyətinin bir hissəsinin liberal-islahatçı inkişaf yolunu seçməsinin təzahürü idi. Amma yenə də, bu, açıq-aşkar İranın liberal və konservativ cərəyanlarının seçkilər dövründə güclənmiş daxili siyasi mübarizəsi idi.

Dekabrın 28-də start götürmüş və bir həftədən az davam edən hazırki etirazlar hansısa siyasi qrupun və ya cərəyanın özünü büruzə verməsi deyil, bütün İran cəmiyyətinin əhval-ruhiyyəsinin və onun rejimə münasibətinin və dəyişikliklər istəyinin ifadəsi idi. Kütləvi etirazlar sosial-iqtisadi tələblərlə başladı və hətta çox qısa zamanda klerikal rejimə siyasi "yox"a çevrildi.

İran hakimiyyəti tələsməsə də, yenə də etirazlara görə təqsiri ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və digərlərinin üzərinə ataraq, hadisələrin kənardan hazırlanıb təhrik edildiyini bəyan etdi. Bu günə bu şərh əsas olaraq qalır. Amma o, tənqidə belə layiq deyil. Hadisələrin və İranın yüksək strukturlarının və şəxslərinin hərəkətlərinin xronikası göstərir ki, hadisələr kortəbii xarakterli idi və İran cəmiyyətinin gizli əhval-ruhiyyəsinin, daha dəqiq isə, klerikal rejimdən yorğunluğun və real dünyəvi demokratiya arzusunun emosional təzahürü idi.

Kortəbiilik

İranın güclü şaxələnmiş kəşfiyyat şəbəkəsi var. Bu şəbəkə İnformasiya Nazirliyi (siyasi kəşfiyyat), hərbi kəşfiyyat, KSİR (siyasi və hərbi-siyasi kəşfiyyat), Hüquq-mühafizə qüvvələrindən (hərbi-siyasi kəşfiyyat) ibarətdir. Amma hadisələr ərəfəsində Ali Milli Təhlükəsizlik Şurasına (AMTŞ) tabe olan İran xüsusi xidmətləri hazırlanan etirazlar haqqında heç nə deməmişdi, həbslər və hər hansı əks tədbirlər həyata keçirməmişdi.

Demək olar ki, hadisələr ərəfəsində, dekabrın 10-dan 15-nə qədər 1979-cu il islam inqilabından sonra ilk dəfə Almaniyanın Schiller pop-qrupu İranda konsert verib. Bu da hakimiyyətin etirazlara hazır olmadığını göstərir.

İnstagram sosial şəbəkəsinin və Telegram messencerinin bloklanması etirazların başlamasından üç gün sonra - dekabrın 31-də başlayıb.

Yanvarın 1-nə qədər İranın ali rəhbərliyi etirazçıların qanuni hüququna bəraət verir və aksiyaları toplaşmaq azadlığına zəmanət verən qanun çərçivəsində həyata keçirməyə çağırırdı.

Nazirlər Kabinetinin 31 dekabr tarixli iclasında İİR prezidenti Həsən Ruhani zorakılığı və ictimai mülkiyyətə ziyan vurulmasını pisləyib, amma hökuməti "qanuni tənqid və etirazlar üçün imkan yaratmağa" çağırıb. O, həmçinin İranı hər kəsin öz fikrini ifadə etmək hüququ olan azad ölkə adlandırıb.

Amma etirazların beşinci günü, onların lokal xarakterli olduğu aydın olduqda, rejim dünyada yaxşı tədqiq olunmuş və bütün avtoritar rejimlər üçün səciyyəvi olan üç istiqamətdə hücuma keçdi - fiziki repressiyalar, ideoloji kampaniya və cavab olaraq kütlələrin səfərbər edilməsi üçün xarici düşmən axtarışı.

Artıq yanvarın 1-də parlamentin növbədənkənar iclasında Ruhani İranda hökumət əleyhinə nümayişlərin təşkilində üçüncü ölkələri və ilk növbədə Səudiyyə Ərəbistanını ittiham edib.

"Düşmən həmişə ölkəyə nüfuz etmək və İran xalqına ziyan vurmaq üçün fürsət gözləyir", deyə İslam İnqilabı Ali Lideri ayətullah Seyid Əli Xamneyi yanvarın 2-də bildirib.

Bunun ardınca, yanvarın 3-də İran baş prokuroru Cəfər Müntəziri "xarici izin" daha geniş versiyasını təqdim edib. Bu versiyaya əsasən, "Ardıcıl konvergensiya doktrinası" adını almış sövdələşməni hazırlayan Maykl Andrea adlı Amerika vətəndaşı - terrorizmlə mübarizəyə görə məsul olan keçmiş MKİ əməkdaşı idi. O, İranda iğtişaşların təşkili üçün bir qrup yaradıb. Bu zaman Adnrea öz növbəsində "Mossad"la əlaqəsi olan İsrailli zabitlə əlaqəli şəkildə işləyib. Səudiyyə Ərəbistanı isə bütün xərcləri ödəyib, deyə Müntəziri əlavə edib. Versiyanın gücləndirilməsi və gələcək repressiyalara zəmin yaradılması üçün sui-qəsdçilər sırasına qanundan kənarda olan qruplar: Mücaheddine Xalq (MKO), monarxiya rejiminin ardıcılları, milliyyətçilər, kommunistlər və digərləri də daxil edilib.

Amma bu versiya tənqidə belə layiq deyil. İran hakimiyyətinin hazırlanan etirazlardan xəbəri var idisə, niyə nə informasiya cəhətdən, nə də əməliyyat tədbirləri ilə onların qarşısını almırdı?

Təşkil edilən hakimiyyətyönlü çıxışlar yanvarın 3-dən həyata keçirilməyə başlayıb ki, bu da hadisələrin rəsmi Tehranı gözlənilmədən yaxaladığını və onun məhz hərəkatın kortəbii və idarəolunmaz olduğunu, xalqın və güc qurumlarının cəlb edildiyi böyük qarşıdurmalara çevrilmədən lokallaşdırıla biləcəyini anladıqdan sonra qüvvələri yenidən qruplaşdırmaq, vəziyyəti qiymətləndirmək və qərar qəbul etmək üçün zamana ehtiyacı olub.

Ordunun mövqeyi də səciyyəvidir. İranın müdafiə naziri Əmir Hatəmi yanvarın 1-də bildirib ki, qanunların və sosial həmrəyliyin həyata keçirilməsi zamanı nizam-intizamın və sabitliyin qorunub saxlanması xalqın tələblərinin həyata keçirilməsi üçün səmərəli amildir. Hatəmi bir sıra dövlətlərin İran xalqı arasında millətlərarası ayrı-seçkilik salınmasına yönəlmiş sui-qəsdinin uğursuz olması üçün milli birliyin möhkəmləndirilməsi zərurətinə diqqət çəkib. Amma sonradan ordu rəhbərliyinin bəyanat tonu daha hərbi olub. İran Silahlı Qüvvələrinin qərargah rəisi Əbdülrəhim Musəvi yanvarın 4-də bildirib ki, lazım gələrsə, ordu hökumət əleyhinə etirazları yatırmağa hazırdır.

Qərb əli sezilmir

Hadisələr ərəfəsində Qərb İranda vəziyyətin gərginləşdirilməsi üzrə addımlar atmayıb. Bundan başqa, Avropa və ABŞ-da prezident Ruhaninin siyasətinə dəstək kimi qiymətləndirilə biləcək addımlar görülüb. Aİ-nin xarici siyasət məsələləri və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogerini dekabrın 12-də bildirib ki, Aİ İranla nüvə sazişini pozmaq niyyətində deyil. "Biz 12 il bu nəticəyə nail olmaq üçün ən ağır şəraitdə danışıqlar aparmışıq. Və bu sazişi və ya onun ayrı-ayrı hissələrini yenidən müzakirə etmək mümkün görünmür", deyə Mogerini bildirib.

Oktyabrında ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə müqaviləni təsdiq etməyib və Konqresə sanksiyaların bərpası haqqında qərar qəbul etmək üçün 60 gün müddət verib. Konqres bunu etməyib, prezidentin verdiyi müddətin başa çatmasını - dekabrın 12-ni gözləyib.

Eyni zamanda, ABŞ dövlət katibi Reks Tillerson qeyd edib ki, Tramp Konqresə sanksiyaları bərpa etməyi tövsiyə etməyib, belə ki, əslində atom proqramı üzrə müqaviləni təhlükəyə məruz qoymaq istəməyib.

İslahatların sürətləndirilməsi etirazlara yeganə cavabdır

Belə bir nəticəyə gəlmək olar ki, çıxışlar gedən liberallaşma prosesi və rejimin qalmaqda olan kiraclanmış strukturu (islam inqilabı ideologiyası, korrupsiya, dövlətin ictimai və iqtisadi həyata geniş müdaxiləsi, səmərəsiz idarəetmə) arasında artmaqda olan fərqin nəticəsi olub.

Amma hazırda geriyə doğru addım gözləmək olmaz. Hakimiyyət bundan sonra da liberal islahatlar həyata keçirməli olacaq, belə ki, onlardan yayınma iqtisadi və daxili siyasi vəziyyətin pisləşməsinə, İranın təcridinə və bunun gətirəcəyi nəticələrə səbəb olacaq.

Bundan başqa, bundan sonra daha genişmiqyaslı böhranlardan qaçmaq üçün islahatlar prosesinin və İranın liberallaşmasının sürətlənməsini gözləmək olar. İran hakimiyyətini buna son hadisələrin nəticələri vadar edəcək: hazırki mərhələdə geniş kütlələrin etirazlarla küçələrə çıxmağa hazır olmaması, hərəkata rəhbərlik etmək iqtidarında olan liderlərin və təşkilatın olmaması. Ləngimə olduğu təqdirdə, növbəti dəfə kütlələr də, liderlər də, təşkilatlar da ortaya çıxacaq. Böhran vəziyyətində olan cəmiyyətin qanunauyğunluğu belədir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti